İnsanlara hürriyət, millətlərə istiqlal!

AY.4.2 ilə bağlı qorxunc proqnozlar: həkimlər isə deyir ki...

“Müəyyən müddət sonra COVİD-19 qrip kimi adi xəstəliyə çevrilə bilər...”

Azərbaycanda koronavirusa yoluxma sayı ilə bağlı açıqlanan rəqəmlər yenə narahatlıq doğurur. Xüsusilə də aktiv xəstə sayı və ölənlərin sayında artım var. Yazını hazırladığımız zaman 2005 yeni yoluxma faktı qeydə alınıb, 1011 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Bu arada koronavirusun daha yoluxucu AY.4.2 ştammı ilə bağlı proqnozlar ürəkaçan deyil. Virusun yeni mutasiyası İsraildən sonra Rusiyada da aşkarlanıb. Ekspertlər isə virusun Rusiyada aşkarlanması amilini əsas tutaraq ölkəmizdə də yayılacağını istisna etmirlər. Bundan əvvəl ştammların yayılma təcrübəsi də bunu deməyə əsas verir.

Ümumdünya Səhiyyə Təşkilatının regional direktoru isə hesab edir ki, gələn il planet COVID-19-dan deyil, pandemiyadan azad olacaq. Başqa sözlə, qrip kimi COVID-19 ilə yaşamağı öyrənməliyik. Hazırda pandemiyadan qurtarmaq üçün 60 milyard dozaya ehtiyac var.

Bəs, peyvəndləmənin hansı mərhələsindəyik. Əhalinin 80 faiz vaksin olunmasına, yəni kollektiv immunitetin yaranmasına çoxmu qalıb?

Yeri gəlmişkən, Azərbaycanda koronavirus səbəbindən 20-dək məktəb distant təhsilə keçib. Bu barədə Təhsil və Səhiyyə nazirliklərinin yaydığı birgə məlumatda deyilir. Qeyd olunur ki, koronavirusun daha yoluxucu “Delta” ştammının gündəmdə olması, bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Belə olan halda xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Bunları nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin olunmuş müəllimlərin ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza (“buster” doza) ilə peyvəndlənməsini zəruri hesab edir.

Şagirdlər arasında yoluxma halları nəzərə alınaraq, valideynlərə müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmək tövsiyə olunur. Yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir. Nəzərə salaq ki, indiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib.

Nilufər Məmmədova: “Qarşıdakı 2 həftə ərzində yoluxma sürətlə artacaq”

Nilufər Məmmədova 

Mövzu ilə bağlı həkim-ekspertlər “Yeni Müsavat”a fikirlərini bildiriblər. Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova mövzuya belə şərh verib: “Meydana çıxan hər ştammın daha yoluxdurucu olacağını demək doğru deyil. Düzdür, bu ştamm  tapılan ölkələrdə əhali arasında artım sayına təsir göstərib. Amma bu heç də o demək deyil ki, bu virus variantı daha da yoluxdurucudur. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılan tədqiqatlardan sonra bu ştammın yoluxuculuğunun az və ya çox olması təsdiqlənə bilər. Sadəcə olaraq qapanmaların artıq əksər ölkələrdə ləğv olunması, məktəblərin, universitetlərin açılması istənilən virusun, hətta yoluxduruculuğu aşağı enmiş bir ştammın belə insanlar arasında yayılmasına gətirib çıxaracaq. Bu heç də o demək deyil ki, hər meydana çıxan yeni ştamm əhali arasında geniş yayılıbsa, o yoluxdurucudur. Ona görə də insanlar qorunma tədbirlərinə mümkün qədər riayət etməlidirlər. Ən vacib şərtlərimiz budur”.

İnfeksionist əlavə edib ki, AY.4.2 ştammı insanlar arasında geniş yayıldıqdan sonra, ölüm səviyyəsinə baxaraq onun təhlükəli olub-olmaması qiymətləndiriləcək: “Hazırda əlimizdə buna dair yetərincə məlumat yoxdur. Bunu hələ ki, yeni ştamm  deyil, ”Delta" ştammnın bir variantı olaraq qiymətləndiririk.  Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son məlumatını gözləyirik. “Delta” ştammnın yeni variantları insanlar arasında daha çox yayıldıqca yeni variantlar ortaya çıxacaq. Hər dəfə ortaya çıxan varianta biz yeni ştamm deyə qiymətləndirə bilmərik. Bu yeni variantların əmələ gəlməsində ölkələrarası sərhədlərin açılmasının çox böyük rolu var. Deyək ki, bir ölkədə virus mutasiyaya uğrayıb hər hansısa yeni variantın yayılmasına səbəb olursa, ölkələrarası əlaqələrin, o sərhədlərin açılması bunun digər ölkələrə yayılıb və daha yeni variantların meydana çıxmasına gətirib çıxaracaq. Mütəxəssis olaraq bizim düşüncələrimiz ondan ibarətdir ki, virus ştammları mutasiyaya uğradıqca məntiqi olaraq daha zəif xəstəlik törədən ştammlar ortaya çıxacaq. Təbii ki, əgər əhali düzgün vaksinasiya olunarsa".

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi  Könül İsmayılova "Yeni Tv"-nin canlı yayımında

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova bizimlə söhbətdə bildirib ki, hazırda yayılmış infeksiyaların hamısının birbaşa SARS- Cov 2 virusu ilə törədilməsini demək düzgün deyil: “Çünki mövsümi qriplər də hazırda üstünlük təşkil edir. Yeni ştammın, xarici mənbələrin məlumatına görə, daha yoluxucu olması qeyd olunur. Bu ”Delta" variantın subvariantı hesab oluna bilər, yəni yeni növ virus deyil. İsraildə, İngiltərədə artıq təsdiqlənib. Lakin qeyd etmək istəyirəm ki, mutasiya etmək virusların xüsusiyyətidir. İnsanlar virusa qarşı mübarizə tədbirləri gücləndirdikcə virus da öz quruluşunu dəyişir, yeni növ xüsusiyyətlər əldə edir. Məsələn, bu cür xüsusiyyətlərin olmasını hamıya çox tanış olan qrip viruslarında da müşahidə edirik. Amma artıq hər il mövsümi baş verən qrip və digər respirator virus infeksiyaları hazırda təşvişə səbəb olmur. Müəyyən bir dövr keçdikdən sonra COVİD-19 xəstəliyi də bu cür fəsli xarakter ala bilər. Biz yalnız qorunma tədbirlərinə əməl etməklə həyat fəaliyyətimizə davam edə bilərik".

Qeyd edək ki, bir sıra ölkələrdə, o cümlədən qonşu Rusiyada COVID-19 infeksiyasının yeni “AY.4.2" mutasiyası qeydə alınıb. Həmin variantın ”Delta" ştammı ilə müqayisədə daha yoluxucu olduğu, bir xəstənin təxminən doqquz nəfəri yoluxdura biləcəyi barədə məlumatlar var. Yeni mutasiyanın simptomlarının daha qısa vaxtda özünü büruzə verməsi COVID-19-la mübarizədə vaksinasiyasının əhəmiyyətini bir daha vurğulayır.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR