İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan müharibəsindən bəhs edən film Türkiyədə qalib oldu - Fotolar

"Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Titrəmə" filmi Türkiyədə keçirilən Beynəlxalq İpək Yolu Film festivalında qalib olub.

Bu barədə Musavat.com-a filmin rejissoru və ssenaristi Amil Məmibəyli bildirib.

O, qeyd edib ki, film adı çəkilən film festivalında 12 film arasından seçilərək, mükafata layiq görülüb: "Bu festival Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Türkiye Sinema ve Televizyon Eseri Sahipleri Meslek Birliği" tərəfindən keçirilir. Bu təkcə filmimizin deyil, həm də Azərbaycanın uğurudur. Xatırladım ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə "dram" janrında çəkilib.

Filmin süjet xətti belədir - Bədəninin bir parçasını itirən əsgər tibb məntəqəsində hərbi həkim tərəfindən müalicə olunur. Əsgər daim titrəyir. Həkim bütün vasitələri axtarır, amma heç nə ona kömək etmir. Əsgərin titrəməsi dayanmır. Qar yağarkən əsgərin titrəmələri daha da güclənir. Daha sonra həkim anlayır ki, əsgərin titrəməsi fiziki deyil, psixolojidir və yalnız bundan sonra titrəmənin sirri açılır. Ayağını itirən əsgər böyük sarsıntılar keçirir və bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur. Əslində filmin əsas mesajı müharibənin törətdiyi dəhşətləri bəşəri dəyərlər çərçivəsində tamaşaçıya çatdırmaqdan ibarətdir".

Filmin rejissoru bildirb ki, ekran əsərinin çəkilişləri qarlı hava şəraitində Qubanın Qəçrəş, 1-ci Nügədi və Qrız kəndlərində aparılıb. Filmdə əsas rolları Əməkdar artistlər Bəhruz Vaqifoğlu və İlqar Cahangirin canlandırıb. Filmin ssenari müəllifləri Amil Məmibəyli, Aqşin Evrən, Ayşad Səfərəliyev, operatoru Əli Sultanov, bədii rəhbəri Cəmil Quliyev, prodüserlərk Cəmil Quliyev və Müşfiq Hətəmovdur.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2022

BÜTÜN XƏBƏRLƏR