İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir partiya fəaliyyətinə xitam verdi: 2002-ci ildən rəsmi qeydiyyatda idi

Kamil Seyidov: "Partiya olaraq biz Azərbaycan xalqının siyasi, ideoloji baxımdan bütövlüyünə dəstək vermək, dövlətin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti birmənalı şəkildə dəstəklədiyimizi ifadə etmək məqsədilə öz hüquqi fəaliyyətimizə xitam verdiyimizi bəyan edirik"

Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətinə xitam vermək barədə qərar qəbul edib.

Bu haqda Azərbaycan Azad Respublikaçılar Partiyasından Musavat.com-a daxil olan bəyanatda bildirilir.

Bəyanatda öncə partiyanın necə və nə zaman yaradıldığı haqda fikirlər əksini tapır, sonra fəaliyyət dövrü və ən nəhayət ləğv olunması qərarının səbəbləri haqda ətraflı məlumat verilir. Bəyanatda deyilir: “Ölkəmizdə milli dövlətçilik ənənələrinin davam etdirilməsi üçün siyasi təsisatların böyük əhəmiyyət daşımasını və ölkə əhalisinin ideoloji baxımdan təşkilatlanmasını vacib hesab edərək 2001-ci ildə bir qrup ziyalı tərəfindən Azərbaycan Azad Respublikaçılar Partiyası (AARP) təsis olunmuşdur. 2002-ci ildə rəsmi dövlət qeydiyyatına alınan Azərbaycan Azad Respublikaçılar Partiyası ötən müddət ərzində daim aktiv siyasi fəaliyyətlə məşğul olmuş, ölkədə həyata keçirilən seçki proseslərində mütəmadi iştirak etmişdir. 2005, 2010, 2015 və 2020-ci illərdə Milli Məclisə keçirilən seçkilərdə, 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində öz namizədləri ilə təmsil olunan Azərbaycan Azad Respublikaçılar Partiyası xalqın problemlərinə həssas yanaşdığı, dövlətçiliyimizin qorunması məsələlərini önə çəkdiyi üçün seçicilərin rəğbətini qazanmışdır. Bunun nəticəsidir ki, Partiya namizədləri yerli idarəetmə orqanlarına seçkilərdə uğurlar əldə etmişdir. Partiya maliyyə hesabatlılığı baxımından da fəaliyyət göstərdiyi illər ərzində öz intizamı ilə seçilmişdir. Azərbaycan Azad Respublikaçılar Partiyası 20 ildən artıq müddətdə ölkəmizin haqq səsinin dünyaya tanıdılması, xalqımızın firavan həyatının təmin olunması, dövlət idarəetməsində zamanın tələbinə uyğun islahatların aparılması, siyasi təsisatların fəaliyyətinə diqqətin artırılması və başqa önəmli məsələlərlə bağlı partiya üzvlərinin görüşlərini keçirmiş, seçkilər zamanı zəngin platforma ilə çıxış etmişdir. Sevindirici haldır ki, bu gün Azərbaycan dövləti hər bir vətəndaşımızın fəxr edəcəyi və qürur duyacağı öz keşməkeşli tarixinin ən güclü zamanına gəlib çatmışdır. Ölkəmizin sosial və iqtisadi gücünün, hərbi qüdrətinin artması, insanlarımızın vahid dövlətçilik ideyası ətrafında birləşməsi, siyasi tərbiyə işinin düzgün qurulması böyük səmərə vermiş və 30 ilə yaxın müddətdə pozulmuş ərazi bütövlüyümüz bərpa edilmişdir. II Qarabağ müharibəsində əldə olunmuş şanlı Qələbədən sonra işğaldan azad edilmiş ərazilərin bərpası və yurdlarından didərgin düşən soydaşlarımızın qayıdış prosesinin başlanması Partiyamızın üzvlərinin də qürur mənbəyinə çevrilmişdir. Biz bu gün Azərbaycanın hərtərəfli inkişafına şahid olur və ölkədə aparılan çoxşaxəli islahatları, həmçinin iqtidar-müxalifət dialoqunu yüksək qiymətləndiririk. Ölkəmizdəki bütün siyasi qüvvələrin ümummilli məsələlərdə və dövlətçiliyin möhkəmlənməsində vahid güc formasında çıxış etməsini firavan gələcəyimiz üçün vacib hesab edirik. Bu sağlam münasibətlərin bərqərar olunmasına və siyasi mədəniyyətin yüksəlməsinə zəmin yaradır”.

Bəyanatda sonra deyilir: “Azərbaycan Azad Respublikaçılar Partiyası hazırda dünyanın müxtəlif məkrli qüvvələri tərəfindən yeni inkişaf etməkdə olan dövlətlərin daxilində pozuculuq işləri həyata keçirmək məqsədilə siyasi təşkilatlardan istifadə edildiyini müşahidə edir. Bu olduqca təhlükəli və arzulanmaz prosesdir. Partiya olaraq biz Azərbaycan xalqının siyasi, ideoloji baxımdan bütövlüyünə dəstək vermək, dövlətin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti birmənalı şəkildə dəstəklədiyimizi ifadə etmək məqsədilə öz hüquqi fəaliyyətimizə xitam verdiyimizi bəyan edirik. Düşünürük ki, bu gün atdığımız addım dövlətimizin xoş gələcəyi üçün insanlarımızın fikir birliyinə, əqidə birliyinə öz xidmətini göstərəcəkdir. Bütün Partiya üzvlərinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayır, dövlətçiliyimizin möhkəmlənməsi naminə birliyimizin əbədi olmasını diləyirik”.

Sonda bildirilir ki, 08.05.2002-ci il tarixdə 43 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış Azərbaycan Azad Respublikaçılar Partiyası ləğv olunduğunu elan edir. Kreditorlardan xahiş olunur ki, bu elan dərc olunduqdan sonra 60 gün ərzində quruma olan tələblərini aşağıda göstərilən ünvana bildirsinlər: Bakı şəhəri, H.Əliyev küçəsi 15, mənzil 68.

Qeyd edək ki, Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovdur.

Siyasi ekspertlər hesab edir ki, hər bir siyasi partiyanın öz fəaliyyətini dayandırmaq barədə qərar qəbul etməsi partiyanın hüququdur, qanunvericilik də bu hüququ tanıyır. Azərbaycan Azad Respublikaçılar Partiyası da bu hüququndan istifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2024

BÜTÜN XƏBƏRLƏR