İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan vətəndaş müharibəsinə sürüklənir- ŞOK SƏBƏBLƏR  

 

“Gürcüstan parlamentinin bir müddət əvvəl “Xarici agent haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul etməsi ilə qonşu ölkədə başlayan proseslər lokal xarakter daşımaya və regionun digər ölkələrindən də təsirsiz ötüşməyə bilər”.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, Gürcüstanın mövcud hakimiyyətinin “qaşınmayan yerdən israrla qan çıxarmağa” çalışmasında hansısa gizli məqsədlərin gizlənməsi mümkündür: “Bilirsiniz ki, eyni qanun layihəsi ötən il may aylarında da gündəmə gətirilmişdi. Müxalifətin və gürcü xalqının sərt dirənişi nəticəsində ölkə iqtidarı bu təklifi geri çəkmək məcburiyyətində qalmışdı. Üstəlik, söz vermişdi ki, bu layihəni bir daha müzakirəyə çıxarmayacaq. Amma üzərindən 1 il keçməmiş layihə yenidən parlamentə gətirildi. Xalq kütlələrinin, xüsusilə gənclərin buna təpkisi də özünü çox gözlətmədi. Fikrimcə, bu, hakim partiya üçün də gözlənilməz deyildi. Bununla belə, bilə-bilə odun üstünə getməsi hansısa zərurətdən doğurdu. Əks halda qanun layihəsini növbəti parlament seçkilərindən sonra da müzakirəyə çıxarıb problemi daha ağrısız həll edə bilərdi. Amma buna getmədi. Seçkilərə cəmi 6 ay qalmış bu cür qeyri-populyar, bir növ öz nüfuzunu sıfırlayan addımı atdı”.

Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və faktiki rəhbəri Bidzina İvanişvilinin bu tələskənliyin səbəbini “yaranmış tarixi fürsət” amili ilə əlaqələndirsə də, sözügedən tezisin əsaslı olmadığına inanan siyasi şərhçi fikirlərini belə izah etdi: “İvanişvili deyir ki, ötən ilki səsvermədə gürcü xalqının böyük əksəriyyəti, guya,  müxaliflər tərəfindən aldadılmış və qanun layihəsinin qəbulu sırasında üsyan törədə, növbəti dəfə məxməri inqilaba şərait yarada bilərdi. Bu səbəbdən də hakim partiya öz təklifini geri götürmüşdü. İndi isə guya, qəflət yuxusundan oyanmış gürcü xalqı ağı qaradan ayırmağı bacarır, “qlobal savaş” tərəfdarlarının bəd niyyətinin fərqindədir və əcnəbi təxribatlara getməz. Bu bəzəkli sözlərin nə qədər yanlış olduğunu həm ölkədaxili  qüvvələrin dirənişi, həm də Avropa İttifaqı yetkililərinin kəskin reaksiyası ortaya çıxardı. Məlum oldu ki, Gürcüstan ictimaiyyəti bu qanunla razılaşmaq fikrində deyil və Aİ ölkəni ittifaq üzvlüyünə namizəd statusundan mərhum edə bilər”.
Heydər Oğuzun fikrincə, gürcü xalqının böyük əksəriyyəti Aİ-yə özünün qurtuluş yolu kimi baxdığından Gürcüstanın ağır sanksiyalara məruz qalması iqtidar partiyasının sonunu gətirə bilər:

“İddialara görə, gürcülərin 80 faizdən çoxu Aİ-yə qoşulmaq tərəfdarıdır. Hər halda Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsaliya Rusiya XİN rəhbəri Sergey Lavrovun hədə-qorxularına cavab verərkən bu rəqəmi səsləndirmişdi. Xatırlayırsınızsa, Lavrov Gürcüstanın Aİ-yə üzvlüyünü Rusiyanın “qırmızı cizgisi” kimi xarakterizə etmiş və bu təşəbbüsə cəhd edən tərəfi cəzalandırılacağını bildirmişdi. Lavrovun təhdidlərinə cavab verən gürcü nazir diqqətə çatdırmışdı ki, gürcülərin 80 faizdən çoxu Aİ-na inteqrasiyanı dəstəkləyir və başqalarının suverenliyinə aid olan məsələləri Rusiyanın öz “qırmızı cizgisi” elan etməsi yolverilməzdir. Ötən il ABŞ Demokratiya İnstitutunun Gürcüstanda keçirdiyi rəy sorğuları da Laşa Darsaliyanın iddialarını təsdiqləyir. Rəy sorğularının nəticələrinə görə, fikri soruşulanların 82  faizi Aİ-yə inteqrasiya ümidindədir. Belə olan təqdirdə, rəsmi Tiflisin siyasətinin Avropa tərəfindən mənfi qarşılanması və Gürcüstanın ittifaq üzvlüyünə namizəd statusunun ləğv edilməsi hakim partiyanın xalq dəstəyini itirməsi və 6 aydan sonra keçiriləcək parlament seçkilərini uduzması ilə nəticələnə bilər”.

Məhz bu amili nəzərə alan Heydər Oğuz Gürcüstan hakimiyyətinin seçkilərə qısa zaman qaldığı bir şəraitdə qeyri-populyar addım atmasının hansısa qaçılmaz zərurətdən qaynaqlandığına inanır.

Bəs bu zərurət nə ola bilər?

Siyasi şərhçinin fikrincə, sözügedən zərurətləri iki qismə ayırmaq olar: “Böyük ehtimalla, bunlardan biri Rusiyanın təzyiqi, digəri isə  “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının maraqlarıdır. Məlumdur ki, Rusiya Cənubi Qafqaz ölkələrinin Aİ-yə üzvlüyünə birmənalı şəkildə qarşı çıxır. Qeyd etdiyimiz kimi, Lavrov da 2021-ci ildə Gürcüstan üzvlüyə namizəd statusu alanda bunu açıq şəkildə dilə gətirmişdi. Görünür, “Xarici agent haqqında qanun” layihəsi də ya Rusiyada, ya da Rusiyanın təzyiqi ilə hazırlanıb. Məqsəd Gürcüstandakı Aİ tərəfdarlarını cəzalandırmaq, onların siyasi mövcudluğunu ortadan qaldırmaqdır. Rusiyanın digər məqsədi Orta Asiyadan Qərbə uzanan Orta dəhlizin kilid nöqtəsində qarşıdurma yaradaraq, bu layihəni ciddi təhlükə qarşısında qoymaq ola bilər. Sirr deyil ki, Ukrayna savaşına başlayandan sonra Avropa ölkələri Rusiya ilə bütün nəqliyyat-kommunikasiya əlaqələrini kəsdi. Faktiki olaraq Şimal dəhlizi bağlandı. Onun Orta dəhlizə çıxış ümidini isə Zəngəzur marşrutu üzərindəki suverenlik heç kiminlə paylaşmaq istəməyən Ermənistan rəhbərliyi puça uğratdı. Yəqin, Rusiya da bunun qisasını Gürcüstan üzərində geosiyasi oyunlara başlamaqla almaq istəyir”.

Həmsöhbətimiz xatırlatdı ki, Türkiyə lideri Rəcəb Tayib Ərdoğan İraqa səfər edib Cənub dəhlizinin alternativ qollarından biri - “Qalxınma yolu” marşrutu barədə danışıqlar apardığı gün Putin Azərbaycan prezidenti İlham Əliyevi Moskvaya dəvət etmişdi: “Bu səfərdə əsasən BAM marşrutunun da qoşulduğu “Şərq poliqonu” dəhlizi masaya yatırılmışdı. “Şərq poliqonu” əslində, Şimal dəhlizinin digər adıdır. Putin həmin görüşdə İlham Əliyevə baş tutması mümkün olmayan əməkdaşlıq təklif etdi: “Şərq poliqonu” ilə Orta dəhlizi birləşdirmək. Prezident İlham Əliyev isə ona Şimal-Cənub dəhlizindən danışmağı təklif edərək sanki daha real projelər üstündə baş sındırmağı  məsləhət gördü. Açığı, mənim fikrimcə, Putinin özü də iki başqa istiqamətə gedən dəhlizlərin birləşdirilməsinin imkansızlığını bilməmiş deyildi. O, sadəcə, bu projelərin arxasındakı qüvvələrə “mən də varam, mənsiz mənim təsir dairəmə aid bölgədən heç bir nəqliyyat dəhlizi keçə bilməz” mesajı verirdi. Fikrimcə, Gürcüstanda vəziyyətin qarışdırılması Rusiyanın bu mesajının reallaşmayacağı təqdirdə region dövlətlərinin üzləşəcəyi problemləri əyani şəkildə göstərməyə xidmət edir. Başqa sözlə, Rusiya əslində “ya Şimal dəhlizini də açın, ya da Orta dəhliz bağlanacaq” deyərək blef edir”.

O ki qaldı Gürcüstan hökumətinin sözügedən geosiyasi oyunda marağına, Heydər Oğuzun fikrincə, bu problem Aİ-nin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının fəxri lideri Bidzina İvanişvilini hədəfə almasından qaynaqlanır: “Məlumdur ki, Avropa İttifaqının Gürcüstan hökumətindən 12 tələbindən ən mühüm deoliqarxizasiya siyasəti ilə bağlıdır. Oliqarxsızlaşdırma anlamına gələn bu siyasətdə Bidzina İvanişvilinin siyasətə təsirinin tamamilə aradan qaldırılmasından söhbət gedir. Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidze 2022-ci ildə keçirdiyi brifinqdə bu barədə qanun hazırlayacaqlarına söz versə də, hələ ki, real addımlar atılmayıb. Bu da səbəbsiz deyil. İvanişvili hakim partiyanın gerçək lideridir və bu partiyada heç kim onun iradəsinə qarşı gedə bilməz. Təsadüfi deyil ki, “Xarici agentlər haqqında qanun” layihəsi müzakirə olunarkən yaşanan insident zamanı İvanişvili açıq şəkildə ortaya çıxaraq, Aİ-yə meydan oxudu. Bildirdi ki, Qərb ölkələri Gürcüstan və Ukraynadan Rusiyaya qarşı “tələ əti” kimi istifadə etməyə çalışır. Gürcüstanda yaşananlar da bu siyasətin tərkib hissəsidir. Qərbin məqsədi Rusiyaya qarşı ikinci cəbhənin Gürcüstandan açılmasıdır və Tbilisi bu oyuna heç vaxt getməyəcək. İvanişvilinin bu fikirləri Aİ rəsmiləri tərəfindən “oliqarxın maskasını çıxarması” kimi qəbul olundu. Fikrimcə, İvanişvili ilə Putinin maraqları üst-üstə düşdüyündən Gürcüstan böyük sürətlə vətəndaş müharibəsinə sürüklənir”.

33595a8ea31f24e2fff2a797d176e897.jpeg (280 KB)

Heydər Oğuzun fikrincə, hazırda Gürcüstanda gərginlik qismən azalsa da, bu, aldadıcı ola bilər: “Məncə, Gürcüstan prezidenti Salome Zurabişvili parlament binasına hücum edən gəncləri sakitliyə çağırdığı üçün böyük insidentlər baş vermədi. Amma Zurabişvili aksiya iştirakçılarını öz mübarizələrini tamamilə dayandırmağa dəvət etmədi. Dedi ki, qanun layihəsi ikinci oxunuşda qəbul olunub, artıq parlamentlik bir iş qalmayıb. Ən yaxşısı, gedin, keçirilməsinə 6 ay qalan seçkilərə hazırlaşın. Gürcüstanda növbəti parlament seçkiləri noyabrın axırlarında olacaq, məncə, ən ciddi insidentlər məhz seçki prosesi zamanı yaşanacaq. O zamana qədər isə Aİ Gürcüstanın hakim partiyasının əleyhinə bəyanatlar verərək, xalqı üsyana hazırlayacaq. Nəzərə alsaq ki, gürcü xalqının 80 faizdən çoxu Aİ-yə üzvlüyə can atır, Qərbin bu təzyiqlərinin ciddi nəticələri ola bilər. Rusiya da öz “qırmızı cizgisi”ni dəyişməsə, Gürcüstanda sosial qütbləşmənin vətəndaş qarşıdurmasına çevrilməsi ehtimalı var”.

Həmsöhbətimizin fikrincə, Gürcüstanda başlayacaq yeni dalğa Cənubi Qafqazdan da yan ötüşməyə bilər: “Məncə, bu tənlikdə digər zəif məchul Ermənistandır. Gürcüstandakı qarışıqlıqdan istifadə edən Rusiyanın öz təsir dairəsində stabillik yaratmaq adıyla bu ölkəyə hərbi müdaxilə edəcəyi belə istisna deyil. Gürcüstana müdaxilə rus ordusunun Ermənistana da yolunu aça bilər. Yenə də eyni bəhanə ilə - stabilliyi qorumaq naminə...”

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2024

20 May 2024

BÜTÜN XƏBƏRLƏR