150 min şagird üçün Azərbaycan dili dərsləri artırılır–Səbəb

"Azərbaycan dilində tədrisin keyfiyyətinin artırılması Azərbaycanda ən vacib məqsədlərimizdən biridir. Tədrisi digər dillərdə aparılan siniflərdə Azərbaycan dili fənninin, yəni dövlət dili kimi, tədris saatlarını artıracağıq".

Musavat.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, yeni dəyişiklik təxminən 150 min şagirdi əhatə edəcək.

Onun sözlərinə görə, tədrisi digər dillərdə aparılan siniflərdə Azərbaycan dili fənninin həftəlik dərs saatları artırılacaq. Belə ki, I–IX siniflərdə Azərbaycan dili dərslərinin həftəlik saatı 3-dən 4-ə, X–XI siniflərdə isə 2-dən 3-ə çatdırılacaq.

Emin Əmrullayev bildirib ki, bu dəyişiklik digər dillərdə təhsil alan şagirdlərin Azərbaycan dövlət dilini daha yaxşı mənimsəməsinə imkan yaradacaq.

“Ümid edirik ki, digər dillərdə təhsil alan şagirdlərimizə bu, Azərbaycanın dövlət dilini daha yaxşı öyrənmək imkanı yaradacaq”, - deyə nazir qeyd edib.

Şahanə Rəhimli
Musavat.com

14.09.2026 15:25
1063