77 min Rusiya hədəfi VURULDU – Sırski detalları AÇIQLADI

Ukrayna Müdafiə Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) təkcə oktyabr ayında təxminən 77 min düşmən hədəfini məhv edib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Facebook” hesabında məlumat verib.

“Silahlı Qüvvələrdə pilotsuz sistemlərin inkişafı ilə bağlı növbəti işçi müşavirə keçirdim. Dron bölmələrinin genişləndirilməsi konkret nəticələr verir, məhv edilən düşmənlərin sayı artır”, – deyə Sırski bildirib.

Onun sözlərinə görə, oktyabr ayında Ukrayna dronları 77 min hədəfi vurub. Ən yüksək döyüş göstəricilərini FPV-dronlar və ağır bombardmançı dronlar nümayiş etdirib.

Sırski qeyd edib ki, dronların logistik rolu da artır. Oktyabr ayında dronlar cəbhəyə təxminən 300 min kiloqram ərzaq və təchizat çatdırıb.

“Dron sahəsində düşmənin imkanları barədə kəşfiyyat hesabatını da dinlədim. İşğalçılar bizim təcrübəmizi təkrarlamağa çalışırlar, xüsusən də dron alaylarının yaradılmasında. Onlar bu sahəyə ciddi resurslar ayırırlar. Biz isə texnoloji üstünlüyümüzü qorumaq üçün daima inkişaf etməliyik”, – deyə Sırski vurğulayıb.

Baş komandan bildirib ki, pilotsuz sistemlər qoşunlarının genişləndirilməsi xüsusi diqqət mərkəzindədir: “Yeni heyətlərin hazırlanması, əlavə kadrların cəlbi və infrastrukturun qurulması davam edir. Eyni zamanda, dronlardan istifadənin yeni taktiki üsulları sınaqdan keçirilir. Elektron müharibə vasitələrinə qarşı daha davamlı və döyüş şəraitində effektiv sistemlər tətbiq olunur. Düşmən itkilərini artıran bütün uğurlu təcrübələr Silahlı Qüvvələrdə dərhal geniş şəkildə tətbiq ediləcək”, – o bildirib.

Bundan əvvəl prezident Volodimir Zelenski bəyan edib ki, dron istehsalı və tətbiqi Ukrayna ordusunun əsas prioriteti olaraq qalır. Onun sözlərinə görə, bu istiqamətdə maliyyələşdirmə daha da artırılacaq.

Musavat.com

11.11.2025 14:57
1100