ABŞ Dini Azadlıq Komissiyasının 2025-ci il məlumatlarını ümumiləşdirən 2026-cı il hesabatında Azərbaycan “erməni dini irsinin məhv edilməsində və dini azadlığın çoxsaylı pozulmasında” qınanıb. Musavat.com xəbər verir ki, erməni mediası bu məlumatı tirajlayıb. Qərəzli və saxta məlumatlarla dolu hesabatda bildirilir ki, guya 2020 və 2023-cü illərdə Azərbaycanın bu ərazilər üzərində nəzarəti ələ keçirməsindən sonra “Dağlıq Qarabağ və ətraf ərazilərdəki tarixi erməni dini yerləri risk altında qalmaqda davam edir”.

Qurum Azərbaycanı şərləməyə davam edərək, “kilsələr, qəbiristanlıqlar və digər mədəni əşyalar da daxil olmaqla 8 dağıdılmış və daha 10 zədələnmiş dini abidə olduğunnu” qeyd edib. Hətta bir qədər də irəli gedərək həbsdəki erməni canilərə “dini materiallara çıxış imkanı verilmədiyi” iddia edilib. Sonda ABŞ-nin Beynəlxalq Dini Azadlıqlar Komissiyası ABŞ hökumətinə tədbir görməyə çağırış edib.
Deputat Ceyhun Məmmədov Musavat.com-a qeyd edib ki, bu hesabat hər il hazırlanır: “Hər il də Azərbaycanla bağlı reallıqların təhrif olunduğunu görürük. Amma hesabat hazırlanarkən Azərbaycanın arqumentləri nəzərə alınmır. Maraqlıdır ki, Ermənistanın maraqları daha çox müdafiə olunur. Halbuki işğal dövründə dini abidələrimiz, məzarlıqlar dağıdıldı, məscidlərimizdə donuz saxlanılı, amma bu məsələlər hesabatlarda yer almadıb. Əvvəllər deyə bilərdilər ki, əraziyə daxil olub görə bilmirik. Ancaq indi azad olunan ərazilərimizə gəlib müşahidə aparmaq imkanı var”.

Deputat bildirib ki, Azərbaycan həmişə kilsələrə, sinaqoqlara hörmətlə yanaşıb: “Bu gün Bakının mərkəzinin rus provaslav kilsələri, erməni katolikos kilsəsi var. Dövlət onu təmir edib və saxlayıb. Həmçinin Şuşada kilsə var və dövlət tərəfindən ən yüksək səviyyədə təmir-bərpa işləri aparılıb. Ümumiyyətlə, Qarabağda kilsələr dövlətin birbaşa diqqətindədir. Sadəcə, bu ərazilərdə xristian və alban abidələri var ki, ermənilər tərəfindən saxtalaşdırılıb. Məsələn, Kəlbəcərdə alban izlərinin silinməsi üçün xeyli iş görülübb, saxtakarlıq edilib. Ermənilər işğal dövründə sexlər açıb, sonra tarixi abidələri götürüb fərqli daşları qoyublar. Bununla da tarixi saxtalaşdırmağa çalışıblar. Ona görə də belə hesabatların heç bir əsası yoxdur. Azərbaycan hazırdır, gəlib görülən işlərlə tanış olsunlar, görsünlər ki, dini abidələr necə qorunur. Ümumiyyətlə, bu siyasət yanlışdır və bilməlidirlər ki, dini abidələri dağıdılan azərbaycanlılardır”.
Emil Salamoğlu
Musavat.com