ABŞ və Ukrayna arasında məxfi xətt tam gücü ilə bərpa edildi – Rusiya daxilində nə hazırlanır?

ABŞ ilə Ukrayna arasında kəşfiyyat əməkdaşlığı 2025-ci ilin əvvəlində yaşanan ciddi gərginlikdən sonra yenidən yüksək səviyyəyə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə Defense News məlumat yayıb. Nəşrin yazdığına görə, ABŞ kəşfiyyat məlumatlarının Ukrayna ilə paylaşılması faktiki olaraq tam gücü ilə bərpa edilib.

ABŞ senatoru Mark Uorner iki ölkə arasında kəşfiyyat sahəsində münasibətlərin “yaxşılaşdığını” bildirib. Digər amerikalı qanunvericilər isə Ukrayna ordusunun son dövrdə əldə etdiyi uğurlarla ABŞ kəşfiyyat məlumatlarına çıxışın yenidən genişlənməsi arasında əlaqə olduğunu qeyd ediblər.

Bu əməkdaşlıq xüsusilə Ukraynanın orta və uzaq məsafələrdə həyata keçirdiyi zərbələr baxımından mühüm əhəmiyyət daşıyır. Defense News bildirir ki, Kiyevin Rusiya neft sənayesinə qarşı zərbələri davam etdiyi bir vaxtda ABŞ-Ukrayna kəşfiyyat əməkdaşlığı əvvəlki səviyyəsinə qayıdıb.

Məlumata görə, ABŞ kəşfiyyatı Ukrayna ərazisindəki Rusiya qüvvələrinə, həmçinin Rusiya daxilindəki enerji infrastrukturu ilə bağlı hədəflərin müəyyənləşdirilməsində Kiyevə yardım edir. Ukrayna isə öz növbəsində əldə etdiyi kəşfiyyat məlumatlarını Vaşinqtonla bölüşür.

Mövzu Moskvada da ciddi narahatlıq yaradıb. Rusiya xarici işlər naziri Sergey Lavrov avqustun 14-də ABŞ-nin Ukraynanın Rusiya ərazisinə hücumlarına kəşfiyyat məlumatları ilə dəstək verib-vermədiyinə dair Vaşinqtondan izahat istədiklərini açıqlayıb.

ABŞ-Ukrayna kəşfiyyat əlaqələrinin yenidən güclənməsi Kiyevin Rusiyanın dərinliklərində zərbə imkanlarını genişləndirdiyi dövrə təsadüf edir. Ukrayna son aylarda pilotsuz uçuş aparatları və digər uzaqmənzilli vasitələrlə Rusiyanın neft və hərbi infrastrukturu da daxil olmaqla müxtəlif obyektlərə hücumları intensivləşdirib.

Hesabatda diqqət çəkən digər məqam əməkdaşlığın artıq yalnız birtərəfli xarakter daşımamasıdır. Ukrayna da ABŞ üçün əhəmiyyətli kəşfiyyat məlumatları təqdim edir.

Prezident Volodimir Zelenski daha əvvəl Ukrayna kəşfiyyatının Rusiyanın İrana məlumat ötürməsinə dair sübutlara malik olduğunu açıqlayıb. Kiyevin məlumatına görə, Rusiya özünün siqnal və radioelektron kəşfiyyat imkanlarından, həmçinin Yaxın Şərqdəki tərəfdaşlarla əməkdaşlıq nəticəsində əldə etdiyi məlumatların bir hissəsindən istifadə edir.

Musavat.com

18.08.2026 01:54
964