Adil Əliyevdən “ilan zəhəri” tökənlərə sərt mesaj: “Bar verməyən ağaca daş atan olmur!”

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev sosial şəbəkə hesabında xeyirxah təşəbbüslərə, görülən faydalı işlərə və başqalarının uğurlarına qərəzlə yanaşan şəxslərlə bağlı diqqətçəkən paylaşım edib.

Musavat.com xəbər verir ki, Adil Əliyev keçirdiyi xeyriyyə tədbirlərindən birinin iştirakçı tərəfindən səmimi şəkildə paylaşılmasından sonra həmin paylaşımın altında yazılan xoşagəlməz şərhə münasibət bildirib.

O qeyd edib ki, cəmiyyət üçün faydalı iş görüldüyü, gözəl tədbir keçirildiyi halda belə, bəziləri buna sevinmək əvəzinə, aidiyyəti olub-olmadığını düşünmədən öz qərəzini və mənfi münasibətini ortaya qoyur:

“Dostlar, deməli, xeyirxah bir iş görürsən, gözəl bir tədbir keçirirsən, iştirakçılardan biri də səmimi şəkildə bunu paylaşır. Çox keçmir ki, içində ilan zəhərini gəzdirən biri aidiyyəti oldu-olmadı, gəlib həmin paylaşımın altına öz zəhərini tökür…”

Adil Əliyev belə halların onu yolundan döndərmədiyini, əksinə, seçdiyi istiqamətin doğru olduğuna inamını daha da gücləndirdiyini vurğulayıb:

“Belə anlarda əsəbiləşmirəm. Əksinə, öz-özümə deyirəm: deməli, istiqaməti düz götürmüşəm. Deməli, yoluma davam etməliyəm”.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı 30 ildən artıqdır Heydər Əliyev siyasi kursunu dəstəklədiyini xatırladaraq, bu illər ərzində çoxsaylı insanları və fərqli xarakterləri yaxından tanıdığını bildirib. Onun sözlərinə görə, həyat təcrübəsi göstərir ki, görülən yaxşı iş hər kəsi sevindirmir. Bəzi insanları yaxşılığın özü deyil, həmin yaxşılığın başqa biri tərəfindən edilməsi narahat edir.

Adil Əliyev məsələnin təkcə sosial şəbəkədə yazılmış xoşagəlməz şərhdən ibarət olmadığını, bunun daha ciddi düşüncə problemini göstərdiyini qeyd edib:

“Amma bir məsələ var ki, məni həqiqətən narahat edir: ölkəmizdə hələ də belə düşüncə tərzinə sahib insanların olması. Çünki məsələ artıq bir paylaşımın altına yazılan xoşagəlməz şərhdən daha böyükdür. Bu, təfəkkür məsələsidir”.

O bildirib ki, başqasının uğuruna sevinməyi, xeyirxah təşəbbüsə qiymət verməyi və yaxşı olanı dəstəkləməyi bacarmayan insan düşüncəsini dəyişmədikcə irəli gedə bilməz. Daim başqalarının fəaliyyətində nöqsan axtaran şəxsin öz həyatını və işini qurmağa nə vaxtı, nə də enerjisi qalır.

Adil Əliyevin fikrincə, sağlam cəmiyyət də məhz insanların bir-birinə münasibətindən başlayır. İnsanlar başqalarını aşağı çəkməklə yüksələ, başqalarının işinə kölgə salmaqla isə özləri işıqlana bilməzlər. Əksinə, bir-birinin uğuruna sevinməyi və faydalı təşəbbüsləri dəstəkləməyi öyrənən insanlar həm fərd, həm də cəmiyyət olaraq inkişaf edirlər.

İcra başçısı tənqidlərə, təhqirlərə və maneələrə baxmayaraq, seçdiyi yoldan geri çəkilməyəcəyini də açıq şəkildə ifadə edib:

“Mən isə yolumu çoxdan seçmişəm. Nə deyilən sözə, nə də atılan daşa görə istiqamətimi dəyişəcəyəm. Çünki bir həqiqəti illər mənə çox yaxşı öyrədib: bar verməyən ağaca daş atan olmur”.

Adil Əliyev paylaşımının sonunda yaxşılıq edən, çalışan və yaradan insanlara çağırış ünvanlayıb. O, cəmiyyətə zəhər saçanların qarşısında geri çəkilməməyin, dağıtmağa çalışanlara quruculuqla, insanların ayağından çəkənlərə isə onların əlindən tutmaqla cavab verməyin vacibliyini bildirib:

“Qoy kimisi zəhərini töksün, biz yaxşılığımızı paylaşaq. Kimisi dağıtmağa çalışsın, biz qurmağa davam edək. Kimisi insanların ayağından çəksin, biz insanların əlindən tutaq”.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, sonda insanların nə danışdığı deyil, hansı işi gördüyü və nə yaratdığı qalır. Onun sözlərinə görə, ölkəni və cəmiyyəti irəli aparanlar yalnız danışanlar deyil, düşünən, çalışan, yaradan və yaxşılıq edən insanlardır.

Musavat.com

14.09.2026 00:07
1951