O gün Qazaxıstan–Çin sərhədində belə bir olay baş verib: saqqallı kişiləri təşər-təşər “səmaaltı ölkə” adlandırılan Çinə buraxmayıblar. Onlara ülgüc, yəni birdəfəlik təraş aləti veriblər, deyiblər, ya üzünüzü qırxın, Çinə keçin, ya da sərhəd-keçid məntəqəsini saqqalla keçə bilməyəcəksiniz.
Belə bir olay... Sonra da deyirlər, totalitar rejim-filan. Baxın, adamlara gül kimi seçim imkanı verilib. Totalitar rejimlərdə seçim imkanı olmur, deyirlər, variant çika.
Bu söhbətin bizə də dəxli var. Çünki, birincisi, illərdir ki, iş adamlarımız Çinə dadanıblar, tez-tez oraya gedir, diş çöpündən lüks avtomobillərə qədər 1001 cür məmulat gətirirlər; ikincisi, saqqal saxlamaq, neçə ildir, bizdə də dəbdir. Hətta deyərdim ki, bu xüsusda Türkiyə və İran kimi qonşu-qardaş ölkələrin kişilərini kölgədə buraxmışıq. Onlarda hər 100 cavanın 75-i saqqallıdırsa, bizdə 88-i (səksən səkkizi) saqqallıdır.
Ona görə də ola bilər, bizim saqqallı həmvətənlərimizi Pekin, Şanxay, Urumçi, Xarbin aeroportlarında saxlayar, ölkəyə buraxmazlar, qanqaraçılıq olar. Tanrıdan, bir suyumuz Sincan-Uyğur muxtariyyatının adamlarına, yəni uyğurlara oxşayır. (Çin bu saqqal sanksiyasını dindar uyğurlara görə edir, deyilənə görə).
Saqqalı yaraşıq üçün saxlayanlara problem deyil, onlar üzlərini təraş edərək, bu yeni Çin səddini aşa bilirlər, amma saqqalı sırf dini mülahizələrə əsasən saxlayan kişilər özlərini təzyiqə, təhqirə məruz qalmış sayırlar.
Bu barədə yayılan xəbərdə bildirilirdi ki, Avqanov soyadlı biri Çinə daxil olmaq üçün saqqalını qırxmağa məcbur qalıb, amma Şınqıs Kudaybergenov (“Kudaybergen” bizim dildə “Allahverən”, “Tanrıverdi” deməkdir) dirəşib, saqqalının bir hissəsini qurban verərək, digər hissəsini qoruyub saxlayıb. Nailiyyətdir, hər halda.
Bu kütləvi saqqalsaxlama vacibatı son 15 ildə regional trend oldu, ondan əvvəl belə şey yox idi. İndiki gənclər bilməz, bizim vaxtımızda saqqalını bir həftə qırxmayan tələbəni müəllimlər də danlayırdı, tələbə yoldaşları da. Hətta olurdu ki, kollektivdə qızlardan biri astaca qrup yoldaşı oğlana deyirdi, saqqal sənə yaraşmır. Bu, özlüyündə ürək-könül eyhamı sayılırdı. Ondan sonra oğlanlar təraş işinə ciddi yanaşırdılar.
İndiki cavanlar isə kütləvi şəkildə saqqal saxlayırlar və belə anlaşılır ki, qarşı cinsin təmsilçiləri onlara bu xüsusda təzyiq göstərmirlər, əksinə, təşviq edirlər, deyirlər, saqqal sizi xarizmatik göstərir. Yoxsa, vallahi, bu qədər kütləvilik olmaz. Bu, əməllicə küyləvilikdir, küyə getməkdir. Çünki saqqal çoxuna yaraşmır.
Simsarlar arasında ərkim ötən bir gənc var (yaş 30), bir dəfə onu saqqallı gördüm. Yaraşmırdı, pinti görünürdü. Tövsiyə etdim ki, saqqalına əl və ülgüc gəzdirsin, sözümdən keçmədi, getdi, saqqalını qırxdı, gəldi, oldu Alen Delonun, Al Banonun gəncliyi, nə bilim, 33 yaşlı Tom Kruz, “Hababam sinfi”ndəki Tarik Akan. Özü də güzgüdə özünə baxdı, etiraf etdi ki, belə daha yaraşıqlı görünür. Aradan 1 ay keçdi, yenə rastlaşdıq. Məlum oldu ki, o vaxtdan bəri saqqalına ülgüc dəyməyib. Nəticədə bizim “Alen Delon” dönüb olmuşdu Tora-Bora mağarasından Qəndəhara enmiş 45 yaşlı talibançı Übeydullah.
Yəni adamın qarşısında iki seçim variantı var: ya Avropasayağı eleqant görünüşlü biri olmaq, ya da mağarada yaşayan pinti terrorçuya bənzəmək. Amma nədənsə, o, ikinci variantı seçir, könlünə belə yatır. Ta özü bilər.
Amma yenə də maraqlıdır, ülgücün kəşf edildiyi neçə yüz il olub, insanlar saqqalı, uzun saçı kəsdirməyin nə qədər rahatlıq gətirdiyinə, insanı yaxşı obrazda göstərdiyinə yüz dəfə əmin olublar, amma yenə də bir çoxları ibtidai insanlar kimi topa saqqalla gəzməyə üstünlük verirlər. O vaxt ülgüc olmayıb, olsaydı, onlar da özlərinə zülm etməzdilər.
Ən qəribəsi odur ki, saqqalı kişilik, möminlik atributu hesab edənlər başlarını son dəblə qırxdırırlar, amma saqqala dəymirlər. Sanki qulaqdan yuxarıdakı tükün kəsilməsi halaldır, amma qulaqdan aşağıya toxunmaq olmaz. Bəs boyunun dalındakı, ənsədəki tüklər nədən qırxına məruz qalır? Həm üzə yaxındır, həm də bir növ neytral zonadır.