"Avropa Parlamentində region ölkələrinə qarşı formalaşan qərəzli yanaşmalar və beynəlxalq münasibətlərdə obyektivliyin qorunması məsələsi son dövrlər xüsusilə diqqət mərkəzindədir. Bəzi avropalı deputatların daxili siyasi xal qazanmaq naminə reallıqdan uzaq və birtərəfli bəyanatlarla çıxış etməsi, qurum daxilində sənədlərin hazırlanması prosesində ciddi usul və yanaşma xətalarına yol verilməsi beynəlxalq müstəviyə də mənfi təsir göstərir. Bu xüsusda, Cənubi Qafqazda formalaşan yeni reallıqlar, regionda sülh və əməkdaşlıq imkanları, həmçinin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşlıq məsələləri geosiyasi təhlillərin ana xəttini təşkil edir."
Musavat.com xəbər verir ki, bu sözləri “Real TV”-yə müsahibəsində Rumıniya Rumin Milli Mühafizəkar Partiyasının, Avropa Mühafizəkarları və İslahatçılar qrupunun büro üzvü Kristian Tereş deyib.
Onun sözlərinə görə, Avropa Parlamentinin bir çox üzvünün bölgənin tarixi və coğrafiyası barədə kifayət qədər məlumatı yoxdur və onlar başqa ölkələri davamlı olaraq tənqid etməklə uğur qazanacaqlarını düşünürlər: "Təəssüf ki, bəziləri düşünür ki, Avropa Parlamentinin tribunasından müəyyən ölkələri tənqid etsələr, öz ölkələrində səs qazanacaqlar. Mənim yanaşmam fərqlidir. Hesab edirəm ki, biz diplomatiya ilə məşğul olmalıyıq. Uğurlu diplomatiya aparmaq üçün, ilk növbədə, dinləməlisiniz. Hər tərəfin nə dediyini dinləməlisiniz və bu baxımdan düşünürəm ki, sizin ölkənizin də deyiləsi çox sözü var. Çünki sizin ölkəniz Avropa ilə Asiyanın kəsişməsində yerləşir. Sadəcə, ictimiaiyət qarşısında çıxış edib başqa ölkəni davamlı olaraq tənqid etmək və hədəfə almaq beynəlxalq münasibətlərin aparılmasının məhsuldar yolu deyil".
Tereş bildirib ki, Ermənistanla bağlı qətnaməyə Azərbaycan əleyhinə mənfi bəyanatların salınması qəbuledilməzdir və rəsmi Bakının bölgədə, həmçinin Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rol daha düzgün izah edilməlidir: "Əgər Azərbaycanla bağlı ayrıca qətnamə və ya hesabat varsa, tənqidlər ora yazılmalıdır, Ermənistan haqqında sənədə yox. Məncə, bir çox deputat qətnamənin hamısını diqqətlə oxumamışdı. Onlar sadəcə Ermənistanı dəstəkləyən sənəd olduğunu düşündülər. Azərbaycan təkcə Avropa üçün deyil, əsasən regionda sülh üçün çox vacibdir. Rusiya-Ukrayna müharibəsindən sonra bir çox avropalı oyandı və başa düşdü ki, Rusiya ucuz enerji siyasətini geosiyasi alət kimi istifadə edir. Ona görə dedik ki, Rusiya qazı və neftindən asılılıqdan çıxmalıyıq. Amma bunu nəsə ilə əvəzləməlisiniz. Burada Azərbaycan mühüm rol oynayır. Və bu, yenə də Prezident Əliyevin uzaqgörənliyidir. O başa düşdü ki, Avropa İttifaqı üçün etibarlı tərəfdaş ola bilər. Eyni zamanda, avropalılar da anlamalıdırlar ki, onlar da Azərbaycan üçün etibarlı tərəfdaş olmalıdırlar".
Musavat.com