Argentina prezidenti Xavyer Miley oktyabr ayında Böyük Britaniyaya planlaşdırılan səfərini ləğv edib.
Musavat.com xəbər verir ki, buna Mileyin Folklend adalarında fəaliyyət göstərən neft şirkətlərinə qarşı sanksiyalar və hüquqi tədbirlər elan etməsindən sonra Buenos-Ayres və London arasında yaranan gərginlik səbəb olub.
EFE xəbər agentliyinin mənbələrinə görə, prezident oktyabrın sonlarında Böyük Britaniyaya iki günlük səfər planlaşdırmışdı.
Argentina hakimiyyəti Britaniyanın neft şirkətləri olan Rockhopper Exploration Hydrocarbons Limited, Rockhopper Exploration Oil Limited, Borders & Southern Falkland Islands Limited, Borders & Southern Petroleum PLC və Desire Petroleum Limited-ə qarşı məhkəmə iddiaları qaldırıb.
Daha əvvəl İsrail şirkəti Navitas Petroleum Limited Partnership LP, onun Britaniyadakı törəmə şirkətləri Navitas Petroleum Development & Production Ltd (NPDP) və Navitas Petroleum Atlantic Limited (NAPL), eləcə də Kanada şirkətləri JHI Associates və Eco (Atlantic) Oil & Gas Ltd.-yə qarşı məhkəmə iddiaları qaldırılmışdı. Onların hamısı adalardan təxminən 220 km məsafədə yerləşən Sea Lion neft layihəsində iştirak edir.
Argentina hökuməti iddia edir ki, Argentinanın kontinental şelfindəki bu fəaliyyətlər Buenos-Ayresdən icazə tələb edir və belə icazəsiz fəaliyyətlər Argentina qanunlarını pozur.
Musavat.com