Avropa Rusiyaya “nəfəslik açır” - yüz milyardlarla dollar...

Rusiyanın Avropada dondurulan aktivləri geri qaytarıla bilər. Bu, əməlli-başlı dünyanı narahat etməyə başlayıb. Çünki söhbət burada yüz milyardlarla dollardan gedir. Vaşinqton bunu Ukrayna ilə bağlı sülh müqaviləsi imzalandıqdan sonra reallaşdırmağın tərəfdarıdır.

SONA SON.jpg (56 KB)

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a deyib ki, hazırda ABŞ-la Avropa arasında dərin siyasi böhran mövcuddur:

“Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu böhranlar daha da dərinləşib. Düşünürəm ki, ABŞ və Rusiyanın Ukraynanı geosiyasi müstəvidə bölüşdürdüyü bir vaxtda Avropa Birliyi də öz payını almağa çalışır. Amma Rusiya bundan narazı olduğu üçün Birləşmiş Ştatlar hər vəchlə Avropa İttifaqının aparıcı ölkələrini “Ukrayna oyunu”ndan kənarda saxlamaq üçün əlindən gələni edir.

Əgər ABŞ Ukrayna savaşında Rusiya ilə razılaşsa, o zaman Avropa Birliyi başqa variantlara əl atacaq. AB müharibənin uzadılması üçün əlindən gələni edəcək. Söhbət dondurulmuş Rusiya aktivlərinin Ukraynanın müdafiəsi üçün xərclənməsindən gedir. Rusiyanın Avropadakı donmuş aktivlərinin səlahiyyətləri Fransa ilə Almaniyanın nəzarətindədir. ABŞ isə öz nəzarətindəki rus aktivlərini Kremlə qaytarmaq iqtidarındadır.

Moskva Vaşinqtonla danışıqlarda sövdələşmənin bu cür gedişindən narazıdır. Rusiya dondurulmuş aktivlərinin tam şəkildə qaytarılmasının tərəfdarıdır. Görünən odur ki, ABŞ-ın bu istiqamətdəki səyləri nəticə verməyəcək”.

Cavanşir ABBASLI
Musavat.com

02.12.2025 16:35
609