Avstraliya Ali Məhkəməsi Rusiyanın paytaxt Kanberrada yeni səfirlik binası tikmək planını qadağan edib. Məhkəmə hökumətin milli təhlükəsizlik əsaslı qərarını tam şəkildə qanuni hesab edib və Rusiyanın icarə hüququnu ləğv edən qanunu yekdilliklə təsdiqləyib.
Musavat.com xəbər verir ki, Rusiya parlament binasından cəmi 300 metr aralıda yerləşən torpaq sahəsini icarəyə götürübmüş.
Moskva burada köhnə binanı əvəz edəcək yeni səfirlik kompleksi tikməyi planlaşdırırmış.
Lakin 2023-cü ildə Avstraliya hökuməti təhlükəsizlik xidmətlərinin “çox aydın xəbərdarlıqlarını” əsas gətirərək icarə müqaviləsini ləğv edən xüsusi qanun qəbul edib.
“Rusiya kimi bir dövlətin Avstraliya parlamentinə bu qədər yaxın fiziki mövcudluğu milli təhlükəsizlik üçün risk daşıyır”, - deyə baş nazir Entoni Albanese vəziyyəti bu cür dəyərləndirib.
Moskva bu qərarı konstitusiyaya zidd hesab edərək Ali Məhkəməyə müraciət edib. Lakin məhkəmə hökumətin konstitusion torpaq müsadirəsi səlahiyyətindən düzgün istifadə etdiyini bildirərək iddianı rədd edib.
Məhkəmə qərarında qeyd olunur ki, Rusiya kompensasiya tələb etmək hüququna malikdir, lakin Avstraliya hökuməti bu kompensasiyanın “ədalətli əsasının olmadığını” iddia edir, çünki bu torpaq “dövlət istifadəsi üçün deyil, təhlükəsizlik məqsədilə ləğv olunub”.
Rusiya 2008-ci ildə bu ərazini 99 illik diplomatik icarə müqaviləsi əsasında alıb və 2,75 milyon Avstraliya dolları (təxminən 1,8 milyon ABŞ dolları) ödəyib. Lakin tikinti heç vaxt tamamlanmayıb.
Hazırda Rusiya səfirliyi Kanberranın Qriffit rayonunda fəaliyyət göstərir.
Musavat.com