AXCP sədrinə ağır ittiham verilir - proses dərinləşir

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci - hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, Konstitusiya quruluşunu zorla dəyişdirmə maddəsi ilə ittihamı irəli sürüləcək.

Bu haqda Gununsesi.info özəl mənbələrə istinadən xəbər yayıb.

Saytın yazıdığına görə, artıq Əli Kərimlinin ilkin ifadəsi alınıb. Mənbə bildirir ki, siyasi təşkilat rəhbərinin prosessual statusu bu gün dəyişdirilə, o, şübhəli şəxsdən təqsirləndirilən şəxsə çevrilə bilər. Bu isə iş üzrə istintaqın fazasının xeyli sərtləşdirildiyini göstərir.

EKREM.jpg (30 KB)

Tanınmış vəkil Əkrəm Həsənov Musavat.com-a deyib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi qanunvericiliklə dövlət əleyhinə ən ağır cinayətlərdən biri sayılır:

“Hələlik Əli Kərimlinin mənzilində Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktubun bir nüsxəsinin tapılması xəbərindən başqa bir məlumat yoxdur. Məktubun tapılmasında da elə bir problem yoxdur. Olsun, məktubdur, tapılıb. Ramiz Mehdiyevin məktubunu Adolf Hitlerin “Mayn kampf” kitabının arasında belə tapsaydılar, yenə də 278-ci maddənin tərkibi yaranmır.

Bir məktubun olması heç bir halda fakt sayıla bilməz. Və yaxud deyirlər ki, pul alıblar. Bir Azərbaycan vətəndaşının digər Azərbaycan vətəndaşından pul alması cinayət deyil. Yeganə irad bu ola bilər ki, pul alıb, vergi ödəməyib, vergidən yayınıb. Vergidən yayınmağa görə maksimal cəlbetmə müddəti 5 ildir. Amma söhbət vergidən yayınmaqdan getmir, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, Konstitusiya quruluşunu zorla dəyişdirmə maddəsi ağır maddədir. Bu maddə ilə təqsirləndirilən şəxsi 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyə bilər. Bu maddə genişmiqyaslı sübut toplanması, əlaqələrin araşdırılması və mümkün təşkilati strukturun müəyyənləşdirilməsi ilə tətbiq oluna bilər. Çünki 278-ci maddə Azərbaycan cinayət hüququnun ən ağır və ən spesifik maddələrindən biridir və onun tətbiqi sübut standartlarının yüksək olmasını tələb edir.

Bu maddənin hüquqi mahiyyəti hakimiyyəti zorla ələ keçirmə; hakimiyyəti zorla saxlama; dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə cəhdləridir. Burada zor elementi əsasdır. Cinayət hesab edilməsi üçün real zor tətbiqi və ya zor tətbiqinə real hazırlıq, silahlı qruplaşma, koordinasiya edilmiş hərbi-siyasi plan, faktiki təhlükə yaradan əməli fəaliyyət olmalıdır. Tək siyasi bəyanatlar, tənqidlər, mitinq çağırışları, hakimiyyətin istefasını tələb etmək 278-ci maddənin predmetinə daxil deyil. Bu, həm Konstitusiyanın 47-ci maddəsi (ifadə azadlığı), həm də Avropa Məhkəməsinin presedentləri ilə təsdiqlənmiş prinsipdir”.

Ə. Həsənov bildirib ki, Azərbaycan müxalifətinin geniş, aktiv elektoratı yoxdur:

“İllərdir ki, Azərbaycanda geniş mitinqlər olmur. Çünki müxalifət partiyaları camaatı ətraflarına toplaya bilmirlər. Vətən müharibəsinə kimi az-çox mitinqlərdən biri yadda qalmışdı. Tovuz hadisələrindən sonra, 2020-ci ilin iyununda insanlar Milli Məclisin önünə toplaşmışdılar. Yəni müxalifət Vətən müharibəsindən sonra nəzərəçarpacaq, ölkə miqyaslı bir mitinq təşkil edə bilməyib. Tutaq ki, mintinqlər pulla təşkil olunacaqdı. İstisna da deyil ki, pul alıblar, etməli idilər, amma edə bilməyiblər. Bu halda da konkretlik olmalıdır. Pul almışdılarsa, kimlər almışdı, pul kimlərə verilmişdi, niyə görə verilmişdi, nə etməli idilər. Bu sübutlar olmalıdır ki, bu adamlar zorla nəsə edəcəkdilər.

Mən hesab edirəm ki, Azərbaycanda hakimiyyəti zorla ələ keçirəcək müxalif qüvvə yoxdur. Bu, yalnız dövlət orqanlarının içindən baş tuta bilər. Zor, güc onlardadır. Əli Kərimlinin Partiyasının rolu burada nə ola bilər? Tutaq ki, küçəyə çıxıb etiraz edirlər. Nə olsun? Gərək ki, bu ittiham üçün konkret addımlar təsbit olunsun.

Hazırkı işdə ən vacib hüquqi sual budur ki, Əli Kərimlinin hakimiyyəti zorla ələ keçirməyə hazırlıq etdiyi barədə hansı konkret fakt var? İndiyə qədər silahlı təşkilat, qapalı çevrədə hazırlanmış plan, maddi-texniki baza, silahlı qrupla əlaqə, dövlət strukturlarına fiziki müdaxilə niyyəti barədə rəsmi hər hansı əsaslı informasiya açıqlanmayıb. İttihamın ağır sanksiyası nəzərə alınsa, bu maddənin tətbiqi üçün ciddi və kəsin sübutların təqdim olunması vacibdir. Əks halda ittiham avtomatik olaraq siyasi motivli, subyektiv qiymətləndirməyə əsaslanan, hüquqi deyil, siyasi iddianamə formatında görünəcək.

Əli Kərimli aşkar fəaliyyətlə məşğul olan, siyasi mövqeyini daim açıqlayan siyasətçidir. Belə bir şəxsə qarşı “hakimiyyəti zorla ələ keçirmə” maddəsinin tətbiqinin çox ciddi sübutları ortaya qoyulmalıdır.

Qeyd etdiyim kimi, bu maddə üzrə ən ağır cəza ömürlük həbsdir. Belə bir cəzanı nəzərdə tutan maddə üzrə sübutlar şübhələrə əsaslanmamalı, konkret olmalıdır”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

01.12.2025 13:42
1980