“Ermənistanda qaz ucuz deyil. Sərhəddən istehlakçıya qədər olan bu yolda qiymət artımı digər ölkələrlə müqayisədə ən böyükdür”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 11-də keçirilən brifinqdə bildirib.
“Qaz həyətə qədər ucuz gəlirsə, amma baha qiymətə çatırsa, bunun istehlakçıya nə təsəllisi var?”, - deyə Paşinyan bəyan edib.

O əlavə edib ki, “Qazprom Ermənistan” şirkəti böyük mənfəət əldə edir.
“Şaxələndirməyə getməyəcəyimiz heç bir sahə yoxdur. Siyasi qərar belədir ki, biz müstəqilliyimizi və dövlətçiliyimizi inkişaf etdirəcəyik. Qalanları cari məsələlərdir və konkret situasiyaların konkret həlləri ola bilər. Qiymətlərin bahalaşması vəziyyəti yaransa, biz də nəyin qiymətini qaldıracağımız və ya nəyi pulsuz edəcəyimiz barədə düşünəcəyik. Vəziyyətə təmkinlə baxırıq və hər şeydən asılı olmayaraq şaxələndirmə aparacağıq”, - deyə Paşinyan bildirib.
O qeyd edib ki, ikinci, üçüncü mənbədən qaz almaq imkanı olarsa, hakimiyyət bu addımı atacaq. Əgər TRIPP vasitəsilə qaz kəməri çəkmək imkanı olarsa, bu ediləcək, Ermənistan hətta tranzit ödənişləri də əldə edəcək. Paşinyan əmin edib ki, hər bir ssenari üzrə nə ediləcəyi ilə bağlı təsəvvür mövcuddur.
Bu fikirlərlə Nikol Paşinyanın Rusiyanın qaz şantajına hazır olduğu sezilir.
Maraqlıdır, Paşinyan hansı imkanlara arxayındır ki, Rusiyanın qaz təhdidinə münasibətdə belə ötkəm mövqedə dayanır? Kəsəsi, rəsmi İrəvanı ona ucuz qaz satan Rusiyaya münasibətdə “qaza gətirən” Azərbaycan qazı ilə bağlı planlarıdırmı?

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Musavat.com-a açıqlaması zamanı bildirib ki, Ermənistan öz seçimini çoxdan edib:
“Ermənistan Avropaya doğru üz tutub. Lakin bu yolu keçənə qədər Avrasiya İqtisadi İttifaqının verdiyi imtiyazlardan da maksimum yararlanmaq istəyir. Bir tərəfdən bu, “bir əldə iki qarpız tutmağa” bənzəsə də, Ermənistan Avropaya inteqrasiya edənə qədər Rusiyanın yaratdığı iqtisadi İttifaqın verdiyi dividendlərdən istifadə etmək istəyir. Ancaq Rusiya Nikol Paşinyanın bu gedişlərinin fərqindədir. Ona görə də prezident Putin məsələni çox konkret qoyur: ya Avrasiya İqtisadi İttifaqı, ya da Avropa İttifaqı! Paşinyanın Moskvaya gözlənilən görüşü zamanı heç şübhəsiz, Putin bu suala cavab istəyəcək və Paşinyanı seçim etməyə məcbur edəcək. Şübhə yoxdur ki, bu halda Paşinyan Ermənistanın Avropa İttifaqını seçdiyini bəyan edəcək. Bundan sonra Ermənistan Aİ-dən çıxarılacaq”.
F.Yusifovun sözlərinə görə, əslində Nikol Paşinyan vəziyyətin belə olacağını artıq çoxdan bilir və buna uyğun ehtiyat tədbirləri görməkdədir:
“Yəni Rusiya Ermənistanı Avrasiya İqtisadi İttifaqından çıxararsa, o halda Ermənistan Rusiyadan aldığı bütün məhsulların alternativ mənbələrini ortaya qoya biləcək. Bu istiqamətdə ilk mühüm addım Putinlə Paşinyanın son Bişkek görüşündən dərhal sonra Avropa İttifaqının Ermənistan məhsullarının qarşıdakı iki il ərzində Avropa bazarlarına idxalına “yaşıl işıq” yandırması oldu. Rusiya Ermənistana qazı hamıya bəyan etdiyi kimi, ucuz satmır. Rusiyanın “Qazprom” şirkəti sadəcə olaraq qazı dünya bazarlarındaki qiymətlərdən 3-4 dəfə ucuz özünün Ermənistandakı törəmə şirkətinə satır. “Qazprom”un Ermənistandakı törəmə şirkəti isə həmin qiymətlərin üzərinə “sanballı” əlavələr edib, qazı Ermənistan əhalisinə və hüquqi şəxslərə dünya bazar qiymətləri ilə satır. Belə olduqda Ermənistan üçün nə fərqi var ki, o, qazı hansı ölkədən alacaq? Düşünürəm ki, Ermənistan məmnuniyyətlə Azərbaycandan qaz almaq istəyəcək və erməni rəsmi dairələri bunu artıq bir neçə dəfə bəyan ediblər”.
İqtisadçı alim digər məqama da diqqət çəkib:
“Ermənistanın indiki rəhbərliyi çox yaxşı anlayır ki, bu ölkədə normal dövlət formalaşdırmaq üçün Rusiyanın vassalı qabığından çıxmaq lazımdır. Cənubi Qafqazda müstəqil bir dövlət kimi yaşamağın yeganə yolu Azərbaycanla və Türkiyə ilə normal münasibətlərin yaradılmasından keçir. Ermənistan bu yolla uğurla irəliləməsə, onun bir dövlət kimi varlığı təhlükədə olacaq”.
E.Paşasoy,
Musavat.com