Azərbaycanda bu material QADAĞAN edildi

Milli Məclisin bu gün keçirilən iclasında “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına əlavə ediləcək.

Layihənin təqdimatında bildirilib ki, asbest uzun illər ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizə 2023-cü ildə 591 ton asbest və 30 238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1 045 ton asbest və 27 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib. Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.

Müzakirələr zamanı vurğulanıb ki, elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.

Ümumdünya Səhiyyə Təşkilatı asbest və tərkibində asbest olan məhsulları kanserogen məhsullar kimi təsnifatlandırıb. Ümumdünya Səhiyyə Təşkilatının təklifi ilə asbestlə bağlı xəstəliklərin qarşısının alınması məqsədilə milli səviyyədə müvafiq tədbirlərin həyata keçirilməsi üzv ölkələr tərəfindən öhdəlik kimi qəbul edilib.

Beynəlxalq təcrübə nəzərə alınmaqla qanun layihəsinə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir. Qanunun 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

10.02.2026 14:36
1191