Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, ərzaqlıq buğda istehsalının məhsuldarlığı (hər hektardan) 5 tona çatdırılacaq: “Ölkə miqyasında orta məhsuldarlıq təxminən 3 ton ətrafındadır. Əsas hədəfimiz Azərbaycanda buğda istehsalında məhsuldarlığı 3 tondan 5 tona yüksəltməkdir".
Bəzi ekspertlər qeyd edir ki, ölkə taxılla özünü təmin edə bilmir, həcm çox azdır. Əmtəəlik taxılla bağlı 70-75% xaricdən asılıyıq.
Bəs deyilən hədəflərə çatmaq üçün nələr ediıməlidir?
Liberal İqtisadçılar Mərkəzinin sədri, aqrar sahə üzrə ekspert Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Orta məhsuldarlığı 3 tondan 5 tona qaldırmaq kağızda 66 faiz artım deməkdir. Bu, sadəcə “daha çox səpək” məsələsi deyil. Torpaq, toxum, su, texnologiya, aqronomluq və bazar zənciri bir yerdə işləməlidir.
Birincisi toxum məsələsidir. Hazırda fermerlərin çoxu öz təsərrüfatından götürdüyü toxumdan istifadə edir. O toxum 3-4 ilə genetik potensialını itirir, xəstəlik yığır. Məhsuldarlıq avtomatik düşür. Hektardan 5 ton götürmək üçün sertifikatlı, rayonlaşdırılmış, quraqlığa və xəstəliyə dözümlü super-elit və elit toxum lazımdır. Türkiyə, Rusiya, Avropa sortları bizim iqlimə uyğunlaşdırılıb. Dövlət toxumçuluq təsərrüfatlarını gücləndirməli, fermerə subsidiyalı toxum çatdırmalıdır. Əkin subsidiyası toxuma bağlanmalıdır: sertifikatlı toxum alırsansa pul alırsan, öz toxumunu səpirsənsə almırsan.
İkincisi torpağın analizidir. Bizdə fermer 20 il eyni yerə buğda əkir, nə azot, nə fosfor, nə kalium bilir. Torpaq “yorulur”, pH pozulur. Hektardan 5 ton üçün torpaqda üzvi maddə 2 faizdən yuxarı olmalı, NPK balansı düz çıxarılmalıdır. Hər rayonda mobil laboratoriya kənd-kənd gəzib pulsuz analiz etməlidir. Analizə görə dəqiq gübrə norması verilməlidir. İndi fermer “gözəyarı” ammonium sulfat səpir, yarısı havaya uçur, yarısı da bitkiyə çatmır.
Üçüncüsü suvarma və su idarəetməsidir. Dəmyə əkinlərdə 3 ton tavandır. 5 ton üçün ya suvarma lazımdır, ya da dəmyədə nəm qoruyan texnologiya. Damcı suvarma buğdada sərfəli deyil, amma pivot, yağışyağdırma sistemi sərfəlidir. Dövlət suvarma sistemlərinə 40 faiz güzəşt verir, amma xırda fermer onu ala bilmir. Kooperasiya lazımdır. 10 fermer birləşib 100 hektarı bir pivotla sulasa, xərci bölər. Dəmyə yerlərdə isə “no-till” və “mini-till” texnologiyası, sələf bitki, küləşin saxlanması nəm itkisini azaldır. Torpağı şumlayıb çevirmək nəmliyi buxarlandırır”.
İqtisadçı əlavə edib ki, dördüncüsü aqrotexniki təqvimə əməl etməkdir: “Bizdə buğda oktyabrda səpilməlidir, fermer noyabrın axırında səpir. Səpin gecikəndə qardaşlanma getmir, sünbül xırda olur. Normada hektara 180-220 kq toxum gedir, fermer 300 kq səpir ki, “zəmanət olsun”. Sıxlıq çox olanda bitki bir-birini boğur. Alaq, xəstəlik, zərərverici ilə mübarizə də vaxtında olmur. Sünbülqıran, septorioz, pas xəstəliyi 1 həftə gec dərmanlansan, 1 ton məhsul aparır. Ona görə hər rayonda aqronom məsləhət xidməti güclənməlidir. Fermerə SMS-lə “sabah dərman günü” demək lazımdır.
Beşincisi texnika parkıdır. Köhnə seyalkalar toxumu qeyri-bərabər səpir, yarısı üzə çıxır, yarısı 10 sm dərinə gedir. Müasir pnevmatik səpən, lazerli hamarlayıcı, kombayn itkisi 3 faizdən çox olmamalıdır. Bizdə biçin vaxtı kombaynın arxasınca 500 kq dən tökülür. Dövlət lizinqi var, amma sürətli və sadə olmalıdır. Xırda fermerə icarə xidməti göstərən maşın-traktor parkları yaradılmalıdır.
Altıncısı növbəli əkindir. Hər il buğda-buğda əkəndə torpaq xəstəlik toplayır, məhsuldarlıq düşür. Buğdadan sonra yonca, noxud, günəbaxan, raps əkilməlidir. Paxlalı bitki azotu təbii artırır, növbəti il gübrə xərci 30 faiz azalır. Dövlət sələf bitkiyə də subsidiya verməlidir ki, fermer “nəyə görə yonca əkim” deməsin.
Növbəti aqrar sığorta və maliyyədir. Fermer 5 ton hədəfi üçün hektara 800-1000 manat xərcləməlidir. Toxum, gübrə, dərman, su, texnika. Quraqlıq olsa, batır. Ona görə sığorta ucuz və real işlək olmalıdır. Zərər olanda 15 günə pul ödənməlidir. Kredit də güzəştli və girovsuz olmalıdır. İndi bank fermerdən ev girovu istəyir, o da risk etmir.
Bundan əlavə, bazar və qiymət zəmanətidir. Fermer 5 ton çıxarsa, hara satacaq. Dəyirman unu idxal edəndən ucuz alır. Məhsul subsidiyası, kontraktlı əkin, dövlət tədarükü olmalıdır. “Təhvil ver, tonuna görə pul al” prinsipi fermeri tonaja həvəsləndirir. Keyfiyyətə görə də əmsal qoyulmalıdır ki, zülalı 12 faizdən aşağı buğdaya az pul verilsin.
Sonuncu elm və təhsildir. Aqronom çatmır. Universitet-kollec-farmer zənciri qurulmalıdır. Pilot rayonlarda “5 ton klubu” yaradılsın. Qabaqcıl fermer təcrübəsini qonşuya öyrətsin. Türkiyədə, Almaniyada 8-9 ton götürürlər. Bizim torpaq-iqlim də imkan verir, sadəcə texnologiya çatışmır.
Qısası, 3 tondan 5 tona keçmək üçün tək toxum, tək gübrə bəs etmir. Sertifikatlı toxum, torpaq analizi, düzgün suvarma, vaxtında səpin, müasir texnika, növbəli əkin, sığorta və təhvil zəmanəti bir yerdə olmalıdır. Dövlət bunu “paket” kimi təqdim etməlidir. Fermer görməlidir ki, 1000 manat xərcləyib 5 ton götürəndə 1600 manat gəliri var. Qazanc görməsə, hektar artmayacaq. Bu sistem qurulsa, 4-5 ilə ölkə üzrə orta 5 ton real hədəfdir”.
Afaq Mirayiq,
Musavat.com