Azərbaycanda hakim çatışmazlığı və məhkəmələrdə artan iş yükü uzun illərdir müzakirə olunan əsas problemlərdən biri olaraq qalır. Hazırda ölkədə hakimlərin ümumi ştat sayı 800 olsa da, faktiki fəaliyyət göstərən hakimlərin sayı 705 nəfərdir. Fəaliyyətdə olan hakimlərdən 36-sı Ali Məhkəmədə, 144-ü apellyasiya məhkəmələrində çalışır. Ağır cinayətlər məhkəmələrində 53, hərbi məhkəmələrdə 24, inzibati məhkəmələrdə 45, kommersiya məhkəmələrində isə 26 hakim fəaliyyət göstərir. Ən böyük yük isə rayon və şəhər məhkəmələrinin üzərinə düşür. Belə ki, həmin məhkəmələrdə ümumilikdə 377 hakim çalışır.
Bəs Azərbaycanda hakim qıtlığının əsas səbəbi nədir? Hüquqşünasların hakim olmaqdan çəkinməsinə hansı amillər təsir edir? Ağır iş yükü, yüksək məsuliyyət və əməkhaqqı məsələləri burada nə dərəcədə rol oynayır? Hakim seçimində tətbiq olunan çətin imtahan mərhələləri də buna səbəb olurmu?
Vəkil Ramil Süleymanov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib.

Onun sözlərinə görə, bəzi hallarda dövlət qurumlarında verilən əmək haqları özəl sektorla müqayisədə rəqabətə davam gətirmir:
“Bu səbəbdən hüquqşünaslar daha çox özəl və sərbəst peşələrə, xüsusilə korporativ sahəyə və vəkilliyə yönəlirlər. Hakimlərin sayının az olması da ciddi problemlərdən biridir. Əvvəllər 7 mərhələdən ibarət olan hakim seçimi prosesi sonradan 5 mərhələyə, hazırda isə 3 mərhələyə endirilib. İstənilən halda, hakim sayının azlığının səbəbi yalnız imtahanların çətinliyi deyil. Təbii ki, imtahanların çətin olması da rol oynayır və mən hesab edirəm ki, bu imtahanlar çətin olmalıdır. Çünki hakimlər insanların taleyi və gələcəyi ilə bağlı qərarlar verən şəxslərdir.
Hüquqşünasların hakimliyə meyl göstərməməsi və ya hakimlik imtahanlarından çəkinməsi təkcə bilik və savad məsələsi deyil. Burada böyük məsuliyyəti üzərinə götürməkdən çəkinmək faktoru da rol oynayır”.
Vəkil əlavə edib ki, məhkəmələrdə iş yükünün həddindən artıq çox olması da əsas səbəblərdəndir:
“Baxmayaraq ki, məhkəmədən əvvəl alternativ həll vasitələri, məsələn mediasiya tətbiq olunmağa başlandı, bu, gözlənilən effekti vermədi. Mediatorların kifayət qədər hazırlıqlı olmaması səbəbindən işlərin böyük hissəsi yenə də məhkəmələrə yönəldi və nəticədə məhkəmələrin iş yükü daha da artdı. Mən hesab edirəm ki, son dövrlərdə hakimlərin əməkhaqlarında ciddi artımlar olsa da, onların icraatında olan iş yükü ilə əməkhaqqı arasında tərs mütənasiblik qalmaqdadır. Bu da insanların hakimlik peşəsinə maraq göstərməməsinin səbəblərindən biridir. Eyni zamanda, burada başqa bir mexanizmdən də istifadə etmək mümkündür. Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” qanununun 93-4-cü maddəsinə əsasən, 5 illik hüquq təcrübəsi olan, hüquq sahəsində nüfuz qazanmış və ixtisası üzrə 20 illik iş təcrübəsinə malik şəxslər, həmçinin yüksək mənəvi keyfiyyətlərə sahib hüquqşünaslar hakim vəzifəsinə təyin oluna bilərlər.
Hesab edirəm ki, Məhkəmə-Hüquq Şurası bu şəxslərin müəyyənləşdirilməsi və cəlb olunması istiqamətində daha aktiv fəaliyyət göstərə bilər. Belə şəxslər icbari təlimlərə cəlb edilərək, onlara xüsusi hazırlıq keçildikdən sonra hakim vəzifəsinə təyinat praktikası tətbiq oluna bilər.
Düşünürəm ki, hakimlərin sayı hazırkı kimi 800 deyil, ən azı 1000-1200 nəfər olmalıdır. Bu, hakimlərin ümumi iş yükünün azalmasına xidmət edər. İş yükünün azalması isə hakimlərin daha rahat, yüklənməmiş və açıq düşüncə ilə daha ədalətli qərarlar verməsinə səbəb ola bilər”.
Afaq Mirayiq,
Musavat.com