Azərbaycanda ürək müalicəsində yeni texnologiya – Həkimdən AÇIQLAMA

Azərbaycanda ürək ritm pozuntularının, xüsusilə aritmiyaların müalicəsində yeni mərhələnin əsası qoyulub. İlk dəfə Bakı Sağlamlıq Mərkəzində PFA (Pulsed Field Ablation) texnologiyası tətbiq edilib. Müasir üsul aritmiyaya səbəb olan toxumaların xüsusi elektrik impulsları ilə hədəflənməsinə və ətrafdakı sağlam toxumaların daha yaxşı qorunmasına imkan verir.

Bəs PFA texnologiyasının üstünlükləri nələrdir, hansı aritmiyaların müalicəsində tətbiq olunur və bu üsul ənənəvi ablasiya metodlarından nə ilə fərqlənir?


Picture background

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Ürək ritmi pozuntularının müalicəsində radiotezlikli dalğalarla ablasiya metodikası tətbiq olunur. Artıq bir neçə ildir ki, Azərbaycanda da həkimlərimiz tərəfindən bu metodika uğurla həyata keçirilir. Radiotezlikli ablasiyanın əsas üstünlüyü xüsusi elektrodlar vasitəsilə icra olunmasıdır. Bu zaman ətraf toxumalar qorunaraq birbaşa ritmə cavabdeh olan hədəf bölgəyə təsir göstərilir. Nəticədə həmin nahiyədəki aktivlik dəyişdirilir və ürək ritminin bərpası təmin olunur. Radiotezlikli dalğalar zərərsizdir və müxtəlif rejimlərdə işləyir. Bu dalğaların impulslu (pulsed) rejimi xüsusən gərginlik üzərindən təsir göstərir, burada temperatur daha aşağı — 42 dərəcəyə qədər olur. Konvensional forması isə radiotezlikli dalğaların tətbiqi temperaturun yüksəldilməsi prinsipinə əsaslanır.

Həkim qeyd edib ki, bu metodikadan tibbin çox müxtəlif sahələrində istifadə olunur:

“Məsələn, biz də öz sahəmizdə — ağrı təbabətində (alqologiya) radiotezlikli dalğalardan gündəlik fəaliyyətimizdə yararlanırıq. Hissiyyat sinir uclarının ablasiyası vasitəsilə ağrıların kəsilməsində və ya müxtəlif sinirlərə modulyasiyaedici təsir göstərilməsində bu üsuldan istifadə edilir. Cərrahiyyənin digər sahələrində isə radiotezlikli bıçaqlar toxumaların kəsilməsi üçün tətbiq olunur. Bu texnologiyanın tibbin əksər sahələrindəki tətbiqi çox uğurla davam edir. Xüsusilə ürək ritmi pozuntularının müalicəsində ölkəmizdə bu üsulu tətbiq edən mütəxəssislərin olması sevindirici haldır. Çünki radiotezlikli ablasiya bəzən medikamentoz müalicəyə tabe olmayan və həyat üçün təhlükə yaradan ritm pozuntularının bərpasında əvəzolunmaz rol oynayır”.

Afaq Mirayiq,
Musavat.com

11.09.2026 15:07
1273