Niderlandın tarixi küçələrindən birində gözlənilməz musiqi dueti Şərq və Qərb mədəniyyətinin möhtəşəm vəhdətini nümayiş etdirib.
Musavat.com xəbər verir ki, niderlandlı skripkaçının canlı ifasına qəfildən qoşulan azərbaycanlı gənc dahi mütəfəkkir İmadəddin Nəsiminin qəzəli ilə bənzərsiz bir muğam improvizasiyası təqdim edib.
İfanın təsirinə düşən həmyerlimiz skripkanın melodiyasına muğamla cavab verib.
Gənc xanəndə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin məşhur:
“Üzünü məndən nihan etmək dilərsən, etməgil,
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil...”
Misraları ilə başlayan qəzəlini muğam ladları üstündə yüksək məharətlə oxumağa başlayıb.
Azərbaycanlı gəncin gözlənilməz və gür səslə ifaya qoşulması ilk anlarda niderlandlı skripkaçıda təəccüb doğursa da, o, peşəkarlıqla ritmi tutub və muğamın ruhuna uyğun olaraq skripkada ona müşayiət etməyə davam edib.
Gənc xanəndənin ifasındakı zəngulələr, emosional yüksəliş və musiqinin dərinliyi ətrafdakı insanların və yoldan keçənlərin böyük marağına səbəb olub.
Musiqiçinin də təbəssümlə və heyranlıqla cavab verdiyi bu qüsursuz improvizasiya, dinləyənlərə unudulmaz anlar yaşadıb. İki fərqli mədəniyyətin - Avropa klassik aləti olan skripka ilə Azərbaycanın qədim muğam və klassik poeziya irsinin bir araya gəldiyi bu anlar musiqinin sərhəd tanımadığını bir daha sübut edib.
Görüntülər sosial şəbəkələrdə yayıldıqdan qısa müddət sonra minlərlə istifadəçi tərəfindən bəyənilib və paylaşılıb.
Musavat.com