Rəqəmsal texnologiya həyatımızın bütün sahələrini əhatə edib. Bu mühit nəzarətsiz və məsuliyyətsiz olduqda uşaqlar üçün ciddi risklər yaradır.
Musavat.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
O qeyd edib ki, 2018-ci ildə qəbul olunmuş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun ölkəmizdə bu sahədə fundamental hüquqi baza yaradıb:
“Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnu təmin etməklə yanaşı, onları fiziki və psixoloji inkişaflarına zərər verə biləcək məzmundan qorumağı da qarşıya məqsəd qoyur.
Bununla yanaşı, informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması və beynəlxalq əməkdaşlıq da qanunun mühüm istiqamətlərindəndir. Qanunun icrası çərçivəsində dövlət qurumları arasında effektiv koordinasiya mexanizmləri yaradılıb, yaş təsnifatı sistemi tətbiq olunub, ekspert institutları formalaşdırılıb.
Qanunun icrasına nəzarəti həyata keçirən müvafiq dövlət orqanları müəyyənləşib. Həmçinin Nazirlər Kabineti tərəfindən icranı tənzimləyən normativ sənədlər təsdiq edilib. Oxşar qanunvericilik təşəbbüslərinin bir çox iştirakçı ölkələrdə də həyata keçirilməsi göstərir ki, bu sahədə ortaq dəyərlər və ümumi hüquqi yanaşmalar formalaşmaqdadır”.
Komitə sədri bildirib ki, bir çox ölkələrin təcrübəsinə əsasən, valideynlərin rəqəmsal təhlükəsizliyin artırılması, ailədə təhlükəsiz mühitin qurulması bu sahədə uşaqların müdafiəsinə müsbət təsir göstərir:
“Nəticələrdən biri odur ki, uşaqların 72 faizi internetdən gündəlik istifadə edir. Eyni zamanda araşdırma onların zərərli kontentlə tez-tez qarşılaşdığını və özlərini bu halda təhlükəsiz hiss etdiklərini də ortaya qoyur.
Bu isə bizi daha qətiyyətli olmağa çağırmaqla yanaşı, həm də göstərir ki, uşaqların rəqəmsal mühitdə müdafiəsi kimi vacib və mürəkkəb bir məsələ yalnız milli səylərlə məhdudlaşa bilməz. Çünki rəqəmsal risklər sərhəd tanımır”.
Bahar Muradova vurğulayıb ki, Azərbaycan üçün informasiya təhlükəsizliyi və kibermüdafiə milli təhlükəsizliyin ayrılmaz hissəsidir:
“Bu yanaşma uşaqların hüquqlarının qorunmasına da birbaşa tətbiq olunur.
Xüsusilə vurğulamaq istərdim ki, məhz bu il ölkəmizdə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” qəbul edilib. Bu sənədlər süni intellekt və rəqəmsal texnologiyaların insan mərkəzli, etik və təhlükəsiz tətbiqini əsas prioritet kimi müəyyən edir.
Bu kontekstdə xüsusi qeyd etmək istərdim ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması seçilmiş mövzuya yanaşmamıza əlavə məna və məzmun qazandırır.
Dövlət suverenliyinin möhkəmləndirilməsi, konstitusion hüquq və azadlıqların qorunması rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin təmin olunmasını da əhatə edən əsas prioritetlərdəndir”.
Afaq Mirayiq,
Musavat.com