Bakıda DƏHŞƏTLİ CİNAYƏT: evə girən oğru ər-arvadı öldürdü - TƏFƏRRÜAT

Bakıda törədilən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.

Hadisə bu gün səhər saat 06 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi, ev 37-də baş verib.

Həmin binada yaşayan 80 yaşlı Sabir Əliyev və onun həyat yoldaşı Zöhrə Əliyeva xüsusi amansızlıqla qətlə yetiriliblər.

Hadisəni törətməkdə şübhəli bilinən 29 yaşlı Murad Niftəliyev mərhumların qonşuluğunda yaşayırmış və narkotik asılılığından əziyyət çəkirmiş.

Məlumata görə, M.Niftəliyev bir müddət əvvəl narkotik asılılığına görə müalicə aldığı müəssisədən yeni çıxıbmış. Müalicədən qayıtdıqdan sonra, o, yenidən narkotik aludəçiliyini davam etdirib.

Bir gün əvvəl, o, Sabir Əliyevdən narkotik almaq üçün pul istəsə də, ahıl kişi ona rədd cavabı verib. M.Niftəliyev bundan sonra başqa qonşuya müraciət edib və ondan 5 manat alıb.

Bu gün səhər saatlarında S.Əliyev, həyat yoldaşı Zöhrə Əliyeva və onun bacısı rayonlardan birinə istirahətə gedirlərmiş. Səhər saatlarında S.Əliyev avtomobili işə salmaq üçün həyətə düşərək giriş qapısını açıb. Qapını açarkən, o, Murad Niftəliyevlə rastlaşıb və Murad ondan yenidən pul tələb edib. Sabir Əliyev isə ona yenidən rədd cavabı verib.

Elə bu vaxt M.Niftəliyev üzərində gəzdirdiyi mətbəx bıçağı ilə S.Əliyevin boğaz nahiyəsinə zərbə endirib. Zərbənin təsirindən S.Əliyev yerə yıxılıb və səsə onun həyat yoldaşı Zöhrə Əliyeva evdən çıxaraq qışqırıb, qonşuları köməyə çağırıb. Elə bu vaxt M.Niftəliyev qadına da bıçaqla döş qəfəsi və kürək nahiyəsindən zərbələr endirib.

Hər iki şəxsi öldürən M.Niftəliyev evi qarət etmək istəsə də, qonşuların səsə çıxdıqlarını görüb, hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib./oxu.az

25.05.2026 16:11
915