Bakıda Türkiyə və Azərbaycan memarlarının ikinci mühüm toplantısı keçiriləcək

Mayın 11-də Bakıda Azərbaycan və Türkiyə memarlarının, daxili və xarici interyer dizaynerlərinin bir araya gəldiyi sayca ikinci “Invision Design Talks 2” forumu keçiriləcək.

Musavat.com tədbirin təşkilatçıları olan Seranit Azərbaycan və Sinerji Pro şirkətlərinə istinadən xəbər verir ki, forum “Dizaynın daxildən formalaşdırılması” mövzusuna həsr olunacaq. Bildirilir ki, Bakı Konqres Mərkəzində baş tutacaq “Invision Design Talks 2” memarlıq və dizayn dünyasının aparıcı simalarını bir araya gətirəcək, müasir yanaşmaların, innovativ ideyaların və gələcəyin dizayn trendlərinin müzakirəsi üçün xüsusi bir mühit yaradacaq.

Tədbirdə Azərbaycan və Türkiyədə çoxsaylı mühüm layihələrdə iştirak etmiş tanınmış memar və dizaynerlərin iştirakı nəzərdə tutulub. Bunlar Sinan Kafadar(Metex Mimarlık), Sefer Çağlar (Autoban Mimarlık), Yeşeren Ersan (Yes Architects), Tusi Əliyev (PBA), Prof. Dr. Osman Arayıcı və digərləridir.

Tədbir zamanı aparıcı spikerlər dizaynın gələcəyinə dair baxışlarını, bu sahədəki son trendlərə dair bilgiləri paylaşacaqlar.

“Invision Design Talks” memarlıq və dizayn sahəsində innovativ düşüncəni təşviq edən, bilik və təcrübə mübadiləsinə şərait yaradan beynəlxalq səviyyəli platformadır.

Qeyd edək ki, tədbir ötən ildən əsası qoyulan və yalnız Azərbaycan vı Türkiyə deyil, bütün türk dövlətlərinin memarlıq-dizayn sahəsində ortaq şəbəkəsinin formalaşdırılması təşəbbüsünün tərkib hissəsidir. Təşkilatçıların verdiyi məlumata görə, bu ilin sonunadək təşəbbüs çərçivəsində digər tədbirlərin də təşkil olunması nəzərdə tutulur. Bunlar arasında Türkiyə və Azərbaycan memarlarının Özbəkistandakı həmkarları ilə birgə forumu, Türkiyə və Azərbaycanın memarlıq sahəsində təhsil verən ali məktəbləri ilə koordinasiyanın qurulması və sair var.

Musavat.com

08.05.2026 14:45
389