Livanın “Paykar” həftəlik qəzetinin redaksiya üzvü Baydzik Kaladjyan Bakıda həbsdə olan Vigen Eulcekçyanın azad olunması üçün ABŞ prezidenti Donald Trampa rəsmi məktub göndərildiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, jurnalistin sözlərinə görə, müraciət ötən həftə yollanıb və paralel olaraq Livan parlamentinin deputatı Paula Yakubyan vasitəsilə dövlət xətti ilə də prosesin sürətləndirilməsinə cəhd edilir. Kaladjyan həbsdə olan şəxsin vəziyyəti haqqında əsassız və aqressiv iddialar səsləndirərək, Eulcekçyanın guya “çox ağır kamerada” saxlanıldığını, “əgər o, daha ‘yumşaq’ münasibətdə belə bu hala düşübsə, qalan məhbusların durumunu təsəvvür etmək çətin olar” sözlərini işlədib.
Bu açıqlamalar Bakıya qarşı məqsədli şəkildə aparılan növbəti qaralama kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir. Çünki real vəziyyət tamamilə fərqlidir: Azərbaycanda saxlanılan erməni separatçıları beynəlxalq humanitar hüquqa uyğun şəkildə, yüksək səviyyəli şəraitdə saxlanılır, tibbi xidmət, təhlükəsizlik, qidalanma və hüquqi müdafiə tam təmin edilir. Ombudsman Aparatı və müstəqil qurumların vaxtaşırı apardığı monitorinqlər zamanı ciddi pozuntu halları qeydə alınmayıb. Buna baxmayaraq, Ermənistan lobbi dairələri və onlara yaxın media strukturları faktları təhrif edərək, Bakını hədəf alan manipulyativ məlumatlar tirajlamağı davam etdirirlər.
Məqsəd Ermənistanın separatçılarını “qurban obrazı” kimi təqdim etmək, Bakının beynəlxalq imicinə zərbə vurmaq və sülh prosesini sabotaj etməkdir.
Faktlar isə tam əksini göstərir: Azərbaycan tərəfi saxlanılan şəxslər üzrə bütün beynəlxalq öhdəliklərə əməl edir və təqdim olunan iddialar həqiqəti əks etdirmir. Bu kampaniya daha çox informasiya müharibəsinin növbəti mərhələsi kimi qiymətləndirilir.
Musavat.com