17 milyard dollarlıq vədlər havada qaldı; deputat hesab edir ki, “Sülh Şurası”nın taleyi ayrılacaq vəsaitlərdən asılı deyil
ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılmış “Sülh Şurası” (SŞ) üçün vəd edilən 17 milyard dolların faktiki olaraq mövcud olmadığı məlum olub. Bu barədə “Financial Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Mənbələrdən birinin sözlərinə görə, “fonda 1 sent belə yatırılmayıb”.
Əslində bu məbləğ Qəzza sektorunun bərpası üçün nəzərdə tutulmuş fonda aid idi və həmin fond Dünya Bankı tərəfindən idarə olunmalı idi. Lakin məlum olub ki, bu istiqamətdə heç bir real maliyyə köçürməsi baş verməyib.
ABŞ 10 milyard dollar ayıracağını bəyan edib. Digər üzv ölkələr, o cümlədən Səudiyyə Ərəbistanı, Qətər, Qazaxıstan, Azərbaycan, BƏƏ və Mərakeş ümumilikdə 7 milyard dollara qədər vəsait vəd ediblər. Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putin də dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolların bu təşəbbüsə yönəldilə biləcəyini istisna etməyib. Lakin bu planların heç biri hələlik reallaşmayıb.
Eyni zamanda BMT çərçivəsində yaradılması nəzərdə tutulan və Qəzzada sabitliyi təmin etməli olan beynəlxalq təhlükəsizlik kontingenti də (ISF) hələ formalaşdırılmayıb. Bunun səbəbi təkcə maliyyə və təşkilati çətinliklər deyil, həm də bölgədə mürəkkəb hərbi-siyasi vəziyyətin davam etməsidir. İsrail ordusunun Qəzza ərazisində mövcudluğu və HƏMAS hərəkatının silahsızlanmaq istəməməsi bu prosesi daha da çətinləşdirir.
“Sülh Şurası”nın fəaliyyəti ilə bağlı digər diqqətçəkən məqam onun informasiya aktivliyinin son dərəcə zəif olmasıdır. Rəsmi sayt yanvar ayından bəri demək olar ki, yenilənməyib və son məlumat 22 yanvar tarixində təşkilatın nizamnaməsinin imzalanması ilə bağlı dərc olunub. Saytda təqdim olunan bəzi məlumatlar da artıq köhnəlib. Ekspertlər layihənin perspektivlərinə olduqca skeptik yanaşırlar. Onların fikrincə, təşkilatın hüquqi statusu, səlahiyyətləri və real fəaliyyət mexanizmləri qeyri-müəyyəndir. Bu isə onu göstərir ki, “Sülh Şurası” daha çox siyasi təşəbbüs xarakteri daşıyır, nəinki real beynəlxalq institut.
Digər tərəfdən, regionda davam edən gərginlik, xüsusilə İran ətrafında vəziyyətin kəskinləşməsi belə təşəbbüslərin həyata keçirilməsini daha da çətinləşdirir. ABŞ-nin özünün beynəlxalq hüquqla bağlı mübahisəli addımları isə onun “sülh qurucusu” kimi imicinə zərbə vurur.
O halda “Sülh Şurası” niyə böyük hay-küylə yaradıldı və indi nə üçün fəaliyyətsizdir?

Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”da məsələyə bu cür aydınlıq gətirdi: “Zənnimcə, bu mövzu ilə bağlı qiymətləndirmə apararkən ilk növbədə "Sülh Şurası"nın yaranma səbəblərini, geosiyasi məqsədlərini və hazırkı passivliyinin arxasında duran amilləri sistemli şəkildə təhlil etmək lazımdır. Çünki beynəlxalq münasibətlər tarixində bu qəbildən olan bir çox təşəbbüslər ilk mərhələdə real institut kimi deyil, siyasi platforma və ya gələcək mexanizm kimi meydana çıxıb. 2023-cü ilin oktyabrından sonra Yaxın Şərqdə yaranmış vəziyyət göstərdi ki, mövcud beynəlxalq institutlar regionda sabitliyin təmin olunması üçün kifayət qədər effektiv mexanizm formalaşdıra bilməyiblər. BMT Təhlükəsizlik Şurası böyük dövlətlərin qarşılıqlı vetoları səbəbindən iflic vəziyyətinə düşüb, regional təşkilatlar isə proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə itiriblər. Məhz bu şəraitdə ABŞ administrasiyasının yeni platforma yaratmaq ideyasını irəli sürməsində məqsəd, yalnız Qəzzanın bərpası deyildi. Əsas hədəf müharibədən sonrakı dövr üçün siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının formalaşdırılması idi.
Başqa sözlə, “Sülh Şurası” ilk növbədə maliyyə fondu deyil, geosiyasi layihə kimi nəzərdə tutulmuşdu. Bu baxımdan onun yaradılması beynəlxalq sistemdə yaranmış boşluğa cavab kimi qiymətləndirilə bilər.
“Sülh Şurası”nın hazırkı passivliyinin bir neçə obyektiv səbəbi var. Birinci səbəb Qəzzada müharibənin faktiki olaraq başa çatmamasıdır. Digər səbəb isə təhlükəsizlik faktorudur.
Bəlli olduğu kimi, BMT çərçivəsində nəzərdə tutulan beynəlxalq təhlükəsizlik qüvvələrinin formalaşdırılması baş tutmayıb. Halbuki istənilən yenidənqurma proqramının əsas şərti təhlükəsiz mühitinin yaradılmasıdır. İnvestorlar və donorların hərbi əməliyyatların yenidən başlaması riski olan əraziyə vəsait yönəltmələri isə mümkün deyil.
Bütün bunlara “Sülh Şurası”nın uğursuzluğu demək olarmı? Hesab edirəm ki, bu barədə qəti fikir söyləmək hələ çox tezdir".
Deputat vurğuladı ki, məhz bu səbəblərdən dolayı bu gün “Sülh Şurası”nı nə tam uğursuz layihə, nə də gələcəyin qlobal institutlarından biri kimi təqdim etmək mümkündür: “Hazırda o, daha çox siyasi niyyət və geosiyasi konsepsiya mərhələsində olan təşəbbüs təsiri bağışlayır. Onun taleyini isə milyardlarla dollar vəsait deyil, Yaxın Şərqdə sülhün və postmünaqişə idarəetmə modelinin hansı istiqamətdə formalaşacağı müəyyən edəcək. Bu baxımdan, "Sülh Şurası"nın taleyi onun maliyyə vəsaitindən daha çox regiondakı siyasi vəziyyətdən asılıdır. Əgər İsrail-HƏMAS qarşıdurmasının dayanıqlı siyasi həlli tapılarsa, Qəzzanın idarə edilməsi üzrə yeni mexanizm formalaşarsa və regional güclər arasında minimum konsensus əldə olunarsa, bu gün fəaliyyətsiz görünən platforma gələcəkdə mühüm koordinasiya mərkəzinə çevrilə bilər".
Müsahibimizin sözlərinə görə, Azərbaycan bu məsələdə kifayət qədər balanslı və praqmatik mövqe nümayiş etdirir: “Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət xətti ilə tam uzlaşır. Bakı humanitar təşəbbüslərdə iştirak etməyə hazır olduğunu nümayiş etdirir, lakin siyasi və hüquqi baxımdan qeyri-müəyyən layihələrə təmkinlə yanaşır. Qarabağın və Şərqi Zəngəzurun bərpasında əldə edilən təcrübə təsdiqləyir ki, postmünaqişə dövründə gerçəkləşdirilən yenidənqurma prosesi ilk növbədə təhlükəsizlik, idarəetmə və hüquqi legitimlik tələb edir. "Sülh Şurası" niyə böyük hay-küylə yaradıldığına gəldikdə isə cavab kifayət qədər sadədir. Çünki təşəbbüsün məqsədi yalnız pul toplamaq deyildi. “Sülh Şurası” ABŞ-nin Yaxın Şərqdə müharibədən sonrakı düzənin formalaşdırılmasında aparıcı rolunu nümayiş etdirmək, regional və qlobal aktorları vahid platforma ətrafında toplamaq, Qəzzanın gələcəyi ilə bağlı alternativ idarəetmə modelini müzakirəyə çıxarmaq cəhdi idi. Bu baxımdan təşkilatın yaradılması siyasi baxımdan tamamilə məntiqlidir. Lakin geosiyasi reallıqlar hər zaman olduğu kimi siyasi niyyətlərdən daha mürəkkəbdir. Reallıq ondan ibarətdir ki, yekun sülh əldə olunmayıb və deməli, müharibə dayanmayıb, təhlükəsizlik mexanizmi qurulmayıb, maliyyə öhdəlikləri kağız üzərində qalıb və nəticədə “Sülh Şurası” hələlik faktiki fəaliyyət mərhələsinə keçə bilməyib. Hazırda isə “Sülh Şurası” daha çox reallaşma mərhələsini gözləyən geosiyasi konsepsiya təsiri bağışlayır".
Cavanşir ABBASLI,
’“Yeni Müsavat”