Beş dövlətin ortaq “Xəzər konstitusiyası”

8 illik mübahisənin sonu görünür; Tehran, nəhayət, razılaşmaya gedir

2018-ci ildə Aktauda imzalanan və “Xəzərin konstitusiyası” adlandırılan Xəzərin hüquqi statusu haqqında Konvensiyanın tam qüvvəyə minməsi gündəmə gəlib. Sənədi hələ ratifikasiya etməyən yeganə ölkə İran olaraq qalır. Tehranın yaxın zamanda bu prosesi başa çatdıra biləcəyi barədə siqnallar isə Xəzərin gələcəyi ilə bağlı yeni müzakirələrə yol açıb.

Konvensiya Xəzərin hüquqi statusunu müəyyənləşdirir, sahilyanı ölkələrin ərazi sularını və balıqçılıq zonalarını, dəniz dibinin və təbii sərvətlərin istifadəsi prinsiplərini tənzimləyir. Ən mühüm müddəalardan biri isə Xəzərin sahilyanı beş dövlətin-Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın təhlükəsizlik məsuliyyətində qalması və kənar dövlətlərin burada hərbi mövcudluğunun istisna edilməsidir.

Sənədin tam qüvvəyə minməsi Xəzərdə uzun illər davam edən hüquqi qeyri-müəyyənliyi azaltmaqla yanaşı, enerji və nəqliyyat layihələrinə də yeni impuls verə bilər. Xüsusilə Türkmənistan qazının Xəzər üzərindən Azərbaycana, daha sonra Avropaya nəqlini nəzərdə tutan Transxəzər layihəsinin perspektivləri yenidən aktuallaşa bilər.

“Xəzərin konstitusiyası”nın tam qüvvəyə minməsində Moskvanın xüsusi marağı var. Rusiya bunu ilk növbədə uzun illər davam edən hüquqi prosesin başa çatdırılması kimi təqdim etsə də, məsələnin arxasında ciddi geosiyasi və təhlükəsizlik hesablamaları dayanır.

Ukrayna müharibəsi və Rusiya ilə Qərb arasında qarşıdurmanın dərinləşməsi fonunda Xəzərin Moskva üçün strateji əhəmiyyəti daha da artıb. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas marşrutlarından birinin Xəzərdən keçməsi, Rusiya-İran logistika əlaqələrinin genişlənməsi və Xəzər limanlarının əhəmiyyətinin artması bu hövzəni Moskvanın regional siyasətində daha vacib mövqeyə çıxarıb.

Konvensiyanın tam qüvvəyə minməsi isə Rusiyanın maraq göstərdiyi əsas prinsipin hüquqi təminatını möhkəmləndirir: Xəzər sahilyanı beş dövlətin təhlükəsizlik məkanı olaraq qalır və regionda kənar dövlətlərin hərbi mövcudluğuna yol verilmir. Bu, Moskva üçün xüsusilə əhəmiyyətlidir. Beləliklə, “Xəzərin konstitusiyası” yalnız hüquqi sənəd deyil, həm də Rusiyanın Xəzəri xarici hərbi təsirdən qorumaq üçün mühüm geosiyasi təminatı kimi çıxış edir.

Azərbaycan üçün bu proses yalnız hüquqi məsələ deyil. Xəzərdə enerji resurslarının işlənməsi, Avropaya yeni qaz marşrutlarının yaradılması və ölkənin Şərq-Qərb nəqliyyat bağlantısında rolunun güclənməsi baxımından mühüm nəticələr yarana bilər. Eyni zamanda Rusiya və İran üçün Xəzərin xarici hərbi qüvvələrə qapalı qalması strateji əhəmiyyət daşıyır. Beləliklə, illərlə davam edən danışıqların nəticəsi olan “Xəzərin konstitusiyası”nın tam qüvvəyə minməsi Xəzərdə yeni təhlükəsizlik və iqtisadi düzənin hüquqi əsasını möhkəmləndirə bilər.

“Xəzərin konstitusiyası”nın tam qüvvəyə minməsi Xəzərdə yeni geosiyasi düzən yaradacaqmı və bu prosesdən Azərbaycan ən çox hansı sahədə - enerji, nəqliyyat, yoxsa təhlükəsizlik istiqamətində faydalana bilər?

Şəhla Cəlilzadə: "Azərbaycan Cənubi Qafqazın geosiyasi landşaftını  dəyişərkən beynəlxalq hüquq və tarixə istinad edirdi"

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə: “Sentyabrda Tehranda Xəzəryanı ölkələrin Zirvə görüşü keçiriləcək. İran "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanı imzaladıqdan 8 il sonra, məhz bu görüş ərəfəsində ratifikasiya olunması üçün parlamentə təqdim edib. Zamanlama məxsusidir və bu görüşün ABŞ-İran və Rusiya-Ukrayna müharibələri fonunda Xəzərdə İran gəmilərinin Ukrayna tərəfindən vurulması, Xəzərin qlobal enerji və nəqliyyat dəhlizi olaraq təhlükəsizliyinin qorunmasına dair qayğıların artdığı bir dövrə “təsadüf etməsi” vurğulana bilər. Xüsusilə Rusiyada və Hörmüzdəki müharibə şəraitində hazırda həm İran, həm də Rusiya, həmçinin Qərb və Çin Xəzərin həm qlobal enerji və nəqliyyat dəhlizi, o cümlədən alternativ marşrut olaraq strateji əhəmiyyətinin artdığını dərk edir. Bu isə tərəfləri Xəzər üzərində konfrontasiyaya deyil, əməkdaşlığa sövq edir. 

Belə ki, 2018-ci il Konvensiyasına qədər Xəzərin statusu məsələsində tərəflər arasında uzun illər davam edən mübahisə olub. İran və Türkmənistan Xəzərin statusunun göl kimi müəyyən olunmasını, dibinin beş bərabər sektora bölünməsini və özlərinin Xəzərin dibində 20% paya sahib olmasını tələb edirdilər. Halbuki 1935-ci ildəki SSRİ-İran razılaşması əsasında Astara-Həsənqulu xətti üzrə İran Xəzərin təqribən 12% hissəsində pay sahibi idi. SSRİ-nin dağılmasından sonra Xəzərin müstəqil dövlətlər arasında bölünməsi İrana yeni iddialar qaldırmaq üçün bəhanə oldu. Əslində 2018-ci ildə əldə olunan konvensiya tərəflərin pay məsələsini həll etmir. Bununla belə, dəniz statusunun qəbul olunması İranın faktiki olaraq 20%-lik iddiasından imtina etməsi deməkdir. Bununla belə, median (orta xətt) üzrə yeni bölgü iddiası qaldırarsa, bu, İranın ümumilikdə 15-16% pay alması demək ola bilər. Lakin Xəzərin rəsmi delimitasiyası hələ ki aparılmayıb və belə bir rəsmi iddia yoxdur. Bəhs olunan konvensiya isə daha çox Xəzərdə təhlükəsizlik, üçüncü tərəflərin hərbi mövcudluğunun rədd edilməsi, sahilyanı dövlətlərin əməkdaşlığı, ticarət sərbəstliyi kimi məsələləri təsbit edir. Bu məsələlər indiki dövrdə xüsusilə mühüm əhəmiyyət kəsb edir. İran və Rusiyanın Xəzər üzərində əməkdaşığa yeni qapı açması tərəfləri maraqlandıran qlobal layihələri daha təhlükəsiz şəraitdə həyata keçirməyə imkan verə bilər".

Ekspert onu da diqqətə çatdırdı ki, Azərbaycan hazırda Trans-Xəzər layihələrini bir-bir reallaşdırmağa başlayıb: “İlkin olaraq Trans-Xəzər nəqliyyat-logistika multimodal marşrutunun yaradılması qeyd oluna bilər. Həmçinin Xəzərin dibi ilə çəkilməkdə olan fiberoptik xətt, COP29-da razılaşdırılan və Xəzər üzərindən Qərbə yönələcək Yaşıl Enerji Dəhlizi layihələri qlobal əhəmiyyət daşıyır. Hətta bəlkə gələcəkdə Türkmənistan və Qazaxıstanın neft-qaz resurslarının Xəzər üzərindən yeni kəmərlərlə ötürülməsinə imkanlar da yaradıla bilər. Belə ki, Azərbaycan Qazaxıstan neftini 2023-cü ildən, Türkmənistan qazını 2025-ci ildən kiçik həcmdə də olsa tranzit ötürməyə başlayıb. Lakin Trans-Xəzər enerji layihələrinin inkişaf etdirilməsi yeni geosiyasi potensialı özündə daşıyır. Nəticə olaraq, Xəzərin bütün tərəflərin maraqlarına xidmət edən sülh və əməkdaşlıq dənizi olması qlobal enerji və nəqliyyat-logistika təhlükəsizliyi baxımından həyati önəm daşıyır və bu, sahilyanı dövlətlərin əməkdaşlığını vacib faktora çevirir. Konvensiyanı indiyədək yeganə ratifikasiya etməyən İran idi ki, o da Xəzərdəki geosiyasi reallıqları qəbul edərək sənədi ratifikasiya edərsə, bu, tərəflərin ortaq fayda üçün əməkdaşlıq niyyətinin artıq tam formalaşdığını göstərmiş olacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

12.08.2026 16:23
1164