Böyük Rusiya, yoxsa böyük hakimiyyət?..

İli dəqiq yadımda deyil, 80-nin lap əvvəlləri olardı, bütün İttifaqın diqqəti Anatoliy Karpovla Qarri Qasparov arasında şahmat tacı uğrunda gedən yarışa yönəlmişdi. Hamıdan da çox azərbaycanlılar izləyirdi həmin oyunları. Çox dramatik bir yarış idi, nələr söylənilmirdi, nələr ehtimal olunmurdu, nələr iddia edilmirdi? Oyunları kimin udmasından asılı olmayaraq şahmat tacı SSRİ-də qalacaqdı, amma yenə də hiss olunurdu ki, Sovet elitasının, eləcə də rusların özlərinin çoxu Karpovun qalib olmasını istəyirdi.

Əlbəttə də bu da səbəbsiz deyildi. Qasparovun deyəsən, ata tərəfi yəhudidi, onlarısa o vaxt sevmirdilər, bir növ, etibar etmirdilər, çünki yəhudi mənşəli alimlər, sənət adamları, hətta idmançılar ilk fürsətdə xaricə, o cümlədən də tarixi vətənləri İsrailə köçmək istəyirdilər. Sözsüz, bu məsələdə də rus şovinizmi özünü biruzə verirdi – bəli, hətta Sovetin vaxtında da belə şey vardı...

Karpovu bir dəfə canlı görmüşdüm. Moskva Universitetinin əsas binasının girişində. Qapıda duran milisioner əmi ondan sənədlərini soruşurdu - əlbəttə, bir növ, özü üçün tarix-xatirə yaratmaq istədi ki, nə vaxtsa nəvələrinə danışsın ki, bəs Karpovun sənədlərini yoxlamışam!..
Burada növbə çatır mənim əbədi sualıma: bunu niyə xatırladım? Ötən həftə oxudum ki, Qasparov axtarışa verilib! Doğrusu, çoxdan bilirdim ki, bu adam hansısa siyasi fəaliyyətlə məşğul olur, amma izləmirdim, ona görə ki, Azərbaycanla Ermənistan arasında konflikt başlayandan hamımızın ona münasibəti soyumuşdu. Çox azərbaycanlılar ondan bu məsələdə dəstək umurdu, amma o, bunu etmirdi.

Doğrusu, şəxsən mənim ondan belə gözləntim yox idi. Nə etmək olardı? Adamın bir tərəfi, anası erməni mənşəlidi səhv etmirəmsə. Odur, heç gözləntim yox idi, onun fəaliyyətini də izləmirdim. Amma məncə, o, neytrallığını saxlamağa çalışdı – bəlkə də diqqətlə izləməmişəm, bəlkə də yanılıram, belədirsə, üzürlü sayın, hər halda, onun Azəbaycana qarşı hansısa kəskin ittiham deməsini xatırlamıram. Təkrar deyirəm ki, yanlışlığım varsa da qüsur bilməyin, adam hər şeyi yadda saxlaya bilmir...

Qasparov indi də yadıma yalnız Rusiyada baş verən proseslər konteksində düşdü. Ötən dəfə koloniyada intihar etmiş bir rusiyalı dissident rəssam haqqında yazmışdım. Adam məəttəl qalır: İlahi, nə baş verir bu ölkədə? Hər yanda hansısa “agent”lər, “terrorçular” və s.
Bir daha deyirəm ki, Qasparovun siyasi fəaliyyətini izləməmişəm, amma adam durub Bin Laden olubmu? Yoxsa Talibanla hansısa iş birliyindədi? Xeyli keçib, amma bir dəfə oxumuşdum ki, Rusiyada Ukraynaya dəstək verənlərin hamısını terrorçu elan edirlər! Bilirsinizmi, niyə? Kreml əhli vətənləri uğrunda vuruşan ukraynalıları terrorçu adlandırır! Təsəvvür edirsiz?..
Mən on illər ərzində Kreml əhlinin çox həyasızlıqları haqqında oxumuşam, eşitmişəm, amma beləsini görməmişdim. Öz torpağı, vətəni uğrunda vuruşan insan niyə terrorçu adlanmalıdır? Nə məntiqdir bu? Bəs Ukraynaya qarşı muzdla vuruşanları necə adlandıraq? Ukrayna xalqının xilaskarları? Özü də Kremlin növbəti “yarlıq”ları heç də təzə deyil, onlar hətta Sovetin vaxtında Ukraynanın müstəqilliyini istəyən insanlara da “banderaçı” deyirdilər!..

Vladimir Putin ən azı xarici görünüşündən ruhi problemləri olan bir adama oxşamır, amma dəfələrlə onu televiziyadan imkan daxilində diqqətlə sezməyə cəhd etmişik: bu adamın baxışlarında nəsə şeytani bir əlamət var, qəti inam oyatmır özünə qarşı.

Əlbəttə ki, nə psixoloquq, nə də ki, psixiatr. Heç onu da iddia edə bilmərik ki, Stalinin də belə problemləri vardı, amma bunu yazanlar az deyildi. Maraqlısı nədir? Böyük hakimiyyət də son nəticədə böyük problemlərdən savayı heç nə gətirmir. İndicə adını çəkdiyimiz Stalin yoldaş bəlkə də xəstə deyildi, amma adam hər şeydən, hamıdan şübhələnmək mərəzinə tutulmuşdu, repressiyalar, təqiblər təkcə onun Marksla Leninin “sinfi mübarizə” nəzəriyyəsinə verdiyi “töhfənin” məntiqi nəticəsi deyildi, yox, bir daha deyirik ki, adam heç kimə, heç nəyə etibar etmir, hamıya, hər şeyə şübhə edir, hamını özünə düşmən bilirdi. Eyni “simptomlar” Putində də müşahidə olur. Ona görə də onun bu represiyyaları bir gün hakimyyətin özünə qarşı yönəlsə belə buna qəti təəccüb etmərik.

Stalin cəhənnəm, bütün rus monarxlarının tarixinə nəzər salanda bunun əlamətlərini görürsən: İvan Qroznıy yazılanlara görə, İnigiltərə kralına gizli məktublar yazırmış ki, onu rys xalqından qorusun, birinci Pyotr öz oğlunu öldürmüşdü...

Odur, təəcüblənməyin. Kim bilir, hələ bundan sonra ətrafımızda nələr baş verəcək? Bir tərəfimizdə “molla”lar, şimal tərəfimizdə şovinist “manyaklar” – sonra da yazırlar, deyirlər ki, Azərbyacanın çox əlverişli geosiyasi mövqeyi var! Allah kəssin belə “əlverişli mövqeyi”!..

25.05.2026 11:21
877