Bu şəhərdə cəmi 2 küçə var - Orta əsrlərdən qalıb...

Xorvatiyanın İstriya bölgəsində yerləşən Hum şəhəri “dünyanın ən kiçik şəhəri” kimi tanınır.

Musavat.com xəbər verir ki, orta əsrlərdən qalma bu yaşayış məntəqəsi cəmi iki küçə və üç sıra evdən ibarətdir.

Tarixi mənbələrdə ilk dəfə 1102-ci ildə “Cholm” adı ilə qeyd olunan Hum əsrlər boyunca, demək olar ki, dəyişmədən qorunub saxlanılıb. Şəhər 1552-ci ildə tikilən müşahidə qülləsi və daş divarlarla müdafiə məntəqəsinə çevrilib.

2021-ci ilin rəsmi məlumatlarına görə, Humda cəmi 27 nəfər yaşayır. Şəhərin uzunluğu təxminən 100 metr, eni isə 30 metrdir. Buna baxmayaraq, memarlıq quruluşuna görə kənd deyil, şəhər statusunda qəbul edilir.

Hazırda Humun əsas gəlir mənbələri kənd təsərrüfatı və turizmdir. “Dünyanın ən kiçik şəhəri” statusu səbəbindən bölgəyə çoxlu turist gəlir. Tarixi görünüşün qorunması məqsədilə isə yeni tikililərə icazə verilmir.

Musavat.com

15.05.2026 12:30
619