Çin silahları Bakının DİQQƏTİNDƏ – Nazirin o səfəri...

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik Zakir Həsənov Çin Aerokosmik Elmi və Sənaye Korporasiyasının (CASIC - China Aerospace Science and Industry Corporation) istehsalat bazasında olub. Burada CASIC-in Baş direktoru cənab Çen Şaoyan ilə görüşən müdafiə naziri müdafiə təyinatlı müxtəlif sistemlərə baxış keçirib. Səfər çərçivəsində Zakir Həsənov Çinin milli müdafiə naziri admiral Dong Jun ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təhlükəsizlik və sabitlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Bəs hazırda Azərbaycanın hərbi parkında Çin istehsallı sistem və ya texnika varmı? Bakı ÇİN silahları almağamı hazırlaşır?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, əslində Azərbaycan üçün Çin hərbi texnologiyası yeni məsələ deyil. Bunun ən açıq nümunəsi JF-17C Block III qırıcılarıdır: “2024-cü ilin sentyabrında Prezident İlham Əliyevə təqdim olunan bu təyyarələr Pakistan Aviasiya Kompleksi və Çinin Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsidir. Azərbaycan Prezidentinin rəsmi saytında açıq şəkildə bildirilir ki, JF-17C Block III təyyarələri artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib. Deməli, Azərbaycanın hərbi aviasiyasında Çin texnologiyası yer alır. Bundan əlavə, 2025-ci ilin noyabrında Bakıda keçirilən hərbi paradın məşqləri zamanı Çin istehsalı FD-2000B (HQ-9B ailəsi) hava hücumundan müdafiə sisteminin görüntüləri yayılmışdı.

İndi isə müdafiə naziri Zakir Həsənovun Çinin əsas raket və müdafiə texnologiyası istehsalçılarından biri olan CASIC-in müəssisəsində müxtəlif sistemlərlə tanış olması yeni mərhələnin başlanması ehtimalını artırır. Amma hazırkı mərhələdə konkret yeni Çin silahının alınması barədə rəsmi açıqlama verilməyib. Azərbaycan Çinlə hərbi-texniki əməkdaşlığı genişləndirir və Pekində keçirilən son görüşlər bu əməkdaşlığın yeni silah və texnologiyaların əldə edilməsinə qədər inkişaf edə biləcəyini göstərən mühüm siqnaldır. Səfərin məzmunu hərbi-texniki əməkdaşlığın artıq sadəcə siyasi dialoq səviyyəsində olmadığını göstərir”.

Ekspert qeyd edib ki, CASIC (Çin Aerokosmik Elmi və Sənaye Korporasiyası) raket və hava hücumundan müdafiə sistemləri, qanadlı raketlər, bərk yanacaqlı raket texnologiyaları, kosmik və müxtəlif hərbi-elektron sistemlər üzrə Çinin əsas dövlət şirkətlərindən biridir. Bu səbəbdən Azərbaycan müdafiə nazirinin CASIC-in istehsalat müəssisəsinə səfəri yalnız protokol xarakterli ziyarət kimi görünmür: “Azərbaycanın son illərdə hərbi-texniki siyasətinin mühüm xüsusiyyətlərindən biri təchizat mənbələrinin şaxələndirilməsidir. Azərbaycan ordusunda Rusiya, İsrail, Türkiyə, Pakistan və digər ölkələrin istehsalı olan müxtəlif sistemlər mövcuddur. Çinlə əməkdaşlığın genişlənməsi də bu mənzərəyə əlavə istiqamət gətirə bilər. Bu yanaşma Bakıya bir tərəfdən texnoloji seçim imkanlarını artırır, digər tərəfdən hər hansı bir təchizatçıdan həddindən artıq asılılığın qarşısını almağa imkan verə bilər”.

Etibar Seyidağa,
Musavat.com

16.09.2026 19:30
1136