Deputat dövlət qulluqçularının müdafiəsinə qalxdı

Deputat Razi Nurullayev parlamentdə Dövlət qulluğu Məcəlləsi ilə bağlı çıxış edərkən bəzi dəyişikliklərə etirazını ifadə edib.

Musavat.com-un məlumatına görə, deputat deyib ki, ilk növbədə dövlət qulluğu imtahanından keçmiş şəxsin sertifikatının qüvvədə olma müddətinin 5 ildən 2 ilə endirilməsindən narahatdır:

“Məncə, bu yanaşmaya yenidən baxmaq lazımdır. İnsan dövlət qulluğuna qəbul olmaq üçün imtahan verir, hazırlaşır, stress keçirir, imtahanı uğurla başa vurur. Sonra iki ildən sonra yenidən eyni proses qarşısında qalır. Belə çıxır ki, insanın ömrü imtahan verməklə keçəcək. İnsan nə vaxt işləyəcək, nə vaxt təcrübə toplayacaq, nə vaxt özünü peşəkar kimi inkişaf etdirəcək? Açıq deyirəm: dövlət qulluqçularını davamlı imtahan həyacanı və təzyiqi altında saxlamaq düzgün yanaşma deyil. Biz insanları dövlət qulluğuna cəlb etməli, onların peşəkar inkişafına şərait yaratmalı və sabit iş mühiti formalaşdırmalıyıq”.

RAZİ.jpg (86 KB)

Razi Nurullayev ardınca bildirib:

“İkinci məsələ isə imtahanı uğurla keçən şəxslərin sonrakı taleyi ilə bağlıdır. Bu gün insan dövlət qulluğu imtahanından keçir, sertifikat alır. Amma bundan sonra onun qarşısında bəzən uzun müddət davam edən qeyri-müəyyənlik yaranır. Məncə, burada dövlətin də konkret öhdəliyi olmalıdır. Təklif edirəm ki, Məcəllədə belə bir mexanizm təsbit olunsun: dövlət qulluğu imtahanından uğurla keçmiş və sertifikat almış şəxs ən geci 3–6 ay ərzində öz ixtisasına uyğun vakant dövlət qulluğu vəzifələrinə müraciət etmək və işlə təmin olunmaq üçün real imkan əldə etsin.

Burada söhbət ondan getmir ki, imtahanı keçən hər kəs avtomatik olaraq istədiyi vəzifəyə təyin olunsun. Təbii ki, vəzifənin tələbləri, müsahibə və digər prosedurlar qalmalıdır. Amma dövlət bir insanı imtahandan keçirib sertifikat verirsə, sonra onu illərlə gözlətməməlidir. İnsan bilməlidir ki, bu imtahanın sonunda onun qarşısında konkret bir karyera yolu var. Biz dövlət qulluğuna savadlı, bacarıqlı, gənc insanların gəlməsini istəyiriksə, onların qarşısında həm ədalətli, həm də proqnozlaşdırılan sistem yaratmalıyıq. Ona görə iki məsələyə - sertifikatın qüvvədə olma müddətinin 5 ildən 2 ilə endirilməsi məsələsinə yenidən baxılması və imtahanı uğurla keçən şəxslərin 3–6 ay ərzində uyğun dövlət qulluğu vəzifələri üzrə işlə təmin olunmasına dair konkret mexanizmin Məcəllədə əksini tapmasına xüsusi diqqət yetirilməsini təklif edirəm”.

Deputat qeyd edib ki, dövlət qulluğuna gələn insanı daim imtahan stressində saxlamaq yox, onun dövlətə daha yaxşı xidmət etməsi üçün şərait yaratmaq lazımdır.

E.Paşasoy,
Musavat.com

30.09.2026 16:58
301