Ukraynanın Dnepr şəhərində Rusiya ordusunun dron hücumundan sonra qida sənayesi müəssisəsində güclü yanğın baş verib.
Musavat.com xəbər verir ki, sentyabrın 10-da şəhər iki dəfə hücuma məruz qalıb. İlk zərbə nəticəsində qida sənayesi müəssisəsinə ciddi ziyan dəyib və ərazidə yanğın başlayıb. İlkin məlumatlara görə, həmin mərhələdə xəsarət alan olmayıb.
Lakin təxminən saat 11:00 radələrində Dnepr yenidən hücuma məruz qalıb. İkinci zərbə nəticəsində daha əvvəl vurulan həmin müəssisə yenidən hədəfə alınıb və ərazidə yanğın baş verib. Nəticədə 2 nəfər həlak olub, daha 2 nəfər yaralanıb. Bu məlumatı Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja açıqlayıb.
Məlumata görə, zərbələr nəticəsində qida sənayesi müəssisəsi və şəhərdəki digər obyektlərə ziyan dəyib. Hücumun nəticələrinin aradan qaldırılması üçün xilasedicilər və digər fövqəladə xidmətlər hadisə yerində çalışıb.
"Reuters"in məlumatına görə, Dneprdə zərbə ABŞ şirkəti "Bunge"yə məxsus günəbaxan yağı istehsalı müəssisəsinə də dəyib. Şirkətin bu obyekti Ukraynanın mühüm ərzaq istehsalı müəssisələrindən biri hesab olunur.
Ukrayna rəsmiləri son günlər Rusiya ordusunun logistika, anbar və ərzaq sənayesi obyektlərinə hücumlarını artırdığını bildirirlər.
Musavat.com