Avropa və NATO ölkələri ilə Rusiya arasındakı gərginlik artıq tədricən daha təhlükəli istiqamətlər almağa başlayıb. Son vaxtlar kollektiv Qərb düşərgəsində Rusiyanın “tam təcrid strategiyası”nın reallaşdırılması üzrə atılan addımlar ciddi şəkildə intensivləşmiş kimi görünür. Bu proses isə öz növbəsində Ukrayna savaşı ətrafında yaranmış qlobal qarşıdurmanı da artıq hərbi münaqişə çərçivəsindən kənara çıxarır. Və bu baxımdan, qarşıduran tərəflər arasında indi həm daha genişmiqyaslı geopolitik, həm də geoiqtisadi savaşın mövcud olduğu inkaredilməz reallıqdır.
Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Avropa Birliyinin, NATO-nun, eləcə də, ayrı-ayrı Qərb ölkələrinin bəyanatları onu göstərir ki, Rusiyaya qarşı təzyiq mexanizmləri tədricən daha sərt və sistemli formata keçirilməyə başlayıb. Bu proses yalnız Ukraynaya yönəlik hərbi yardımın artırılması ilə məhdudlaşmır. Yəni, bu, eyni zamanda, Rusiyanın qlobal maliyyə, texnologiya, enerji, logistika və hətta informasiya-kommunikasiya sistemlərindən təcrid olunmasına yönəlmiş yeni strategiyanın formalaşdırıldığını da göstərir.Və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas tərəfindən verilən son açıqlamalar bu baxımdan, olduqca böyük maraq doğurur.
Məsələ ondadır ki, onun sözlərinə görə, Avropa Birliyi yaxın vaxtlarda Rusiyaya qarşı beynəlxalq təzyiqlərin daha da gücləndirilməsi ilə bağlı məsələni müzakirə edəcək. Çünki Avropa Birliyi xüsusilə də Rusiyanın Ukraynaya qarşı “Oreşnik” ballistik raket sistemindən istifadə etməsini “qoca qitə” ölkələrinə yönəlik strateji-psixoloji təzyiq faktoru kimi qiymətləndirir. Və Qərb siyasi dairələrində belə hesab olunur ki, Kreml nüvə eskalasiyası ehtimalını gündəmdə saxlayaraq, NATO üzvü olan Avropa ölkələrində xof yaratmağa çalışır.

Əslində, son vaxtlar həqiqətən də Rusiyanın strateji raket qüvvələri ilə bağlı nümayişkaranə addımlar atması qətiyyən təsadüfi xarakter daşımır. Kreml bununla həm Ukrayna savaşında kollektiv Qərbin hərbi iştirakını məhdudlaşdırmağa, həm də “qoca qitə” ölkələrində təhlükəsizlik psixologiyasını dəyişməyə çalışır. Xüsusilə də, bəzi NATO ölkələrinin uzaqmənzilli raket sistemlərinin Ukraynaya ötürülməsinə paralel olaraq, Rusiya qarşı tərəfə “strateji cavab potensialı” ilə bağlı təhdidkar mesaj verir.
Eyni zamanda, Çexiya prezidenti Petr Pavelin bu gərginlik ilə bağlı son təklifləri isə kollektiv Qərbin müəyyən hissəsinin artıq daha sərt qarşıdurma modelinə keçid etmək niyyətində olduğunu göstərir. Çexiya lideri Kremlin qlobal informasiya-kommunikasiya sistemindən ayrılması, Rusiyanın bank sektorunun beynəlxalq maliyyə şəbəkələrindən tam çıxarılması və NATO hava məkanını pozacaq rus döyüş təyyarələrinin vurulmasının mümkün variant kimi nəzərdən keçirilməsini təklif edib. Və bu yanaşma isə faktiki olaraq, Rusiyanın yalnız iqtisadi deyil, həm də texnoloji, eləcə də kommunikasiya baxımından, qlobal sistemdən tam təcrid edilməsini nəzərdə tutur.
Maraqlıdır ki, Qərb siyasi dairələrində son vaxtlar formalaşan əsas qənaətə görə, Kremlə qarşı yalnız klassik iqtisadi sanksiyalar artıq yetərli qədər təsirli hesab edilmir. Çünki Rusiya artıq Çin, Hindistan, İran və digər önəmli ölkələr ilə alternativ iqtisadi əməkdaşlıq mexanizmləri qurmağa nail olub. Və ona görə də indi əsas hədəf Rusiyanın beynəlxalq maliyyə dövriyyəsi, texnologiya axını, eləcə də informasiya-kommunikasiya imkanlarının məhdudlaşdırılması ilə bağlıdır.
Ancaq buna baxmayaraq, NATO ölkələri daxilində də Ukrayna savaşı ilə bağlı vahid mövqenin olmadığı açıq şəkildə görünür. “The Telegraph” nəşrinin məlumatına görə, NATO ölkələrinin hər il ÜDM-in azı 0,25 faizi həcmində Ukraynaya hərbi yardım ayırmasını nəzərdə tutan təşəbbüs Böyük Britaniya, Fransa, İtaliya və İspaniya tərəfindən artıq bloklanıb. Və bu önəmli məqam alyans daxilində ciddi strateji fikir ayrılıqlarının mövcudluğunu birmənalı şəkildə göstərir.

Məsələ ondadır ki, Şərqi Avropa və Baltikyanı regionlara aid ölkələr Rusiyanı birbaşa təhlükə hesab etdikləri üçün Ukraynaya maksimal səviyyədə hərbi dəstək verilməsinin tərəfdarıdırlar. Belə ki, Polşa, eləcə də Baltikyanı ölkələr və Skandinaviya dövlətləri hesab edirlər ki, Ukraynanın zəifləməsi gələcəkdə NATO sərhədlərinin daha böyük hərbi təhlükə ilə üzləşməsi demək olacaq. Digər tərəfdən, isə Fransa, İtaliya və İspaniya kimi aparıcı Qərb dövlətləri uzunmüddətli savaşın həm Avropa iqtisadiyyatına, həm də ölkələrin daxili siyasi sabitliyinə ciddi zərbə vuracağından ehtiyat edirlər.
Ona görə də, bu siyasi parçalanma NATO daxilində iki fərqli geopolitik yanaşmanın formalaşdığını göstərir. Birinci qrup Rusiyanın geostrateji məğlubiyyətini əsas məqsəd hesab edir. İkinci qrup isə Kreml ilə nəzarət olunan qarşıdurma modelinin saxlanmasının tərəfdarıdır və üstəlik, nüvə eskalasiyası ilə bağlı mövcud riskləri də nəzərə almağa çalışır. Bu baxımdan, Finlandiya prezidenti Alexander Stubbun son açıqlaması isə Şimali Avropada yaranan yeni təhlükəsizlik arxitekturasını göstərir. Çünki o, bildirib ki, Rusiya miqrantlardan siyasi təzyiq aləti kimi istifadə etməyəcəyinə təminat verməlidir. Əks halda, Finlandiya sərhədləri açmayacaq. Bu isə o deməkdir ki, Qərbdə “hibrid savaş” anlayışını artıq yalnız informasiya və kiberhücumlarla deyil, miqrasiya axınları ilə də əlaqələndirirlər.
Onu da qeyd etmək lazımdır ki, məhz Finlandiyanın NATO-ya üzvlüyündən sonra Rusiya və Şimali Avropa regionu arasındakı geopolitik balans artıq tamamilə dəyişib. Xüsusilə də, Baltik dənizi və Arktika bölgəsi indi NATO-Rusiya qarşıdurmasının yeni əsas istiqamətlərindən birinə çevrilməyə başlayıb. Çünki Kreml bunu Rusiyanın təhlükəsizlik maraqlarına birbaşa təhdid hesab edir.

Digər tərəfdən, Rusiyanın hazırda xüsusi diqqət yetirdiyi daha bir önəmli geopolitik istiqamət isə Orta Asiya sayılır. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Qərb dövlətləri Orta Asiya ölkələrinin Rusiya və Çinlə əlaqələrini zəiflətmək üçün ciddi siyasi və iqtisadi təzyiqlər göstərirlər. Kreml iddia edir ki, Qərbin əsas məqsədi postsovet məkanında Rusiyanın təsir imkanlarını zəiflətmək və Çinlə birlikdə formalaşan Avrasiya əməkdaşlıq modelini parçalamaqdır.
Belə anlaşılır ki, Orta Asiya hazırda dünyanın ən önəmli geoiqtisadi rəqabət bölgələrindən birinə çevrilməyə başlayıb. Çünki bu region zəngin enerji resursları, nadir metalları, nəqliyyat dəhlizləri və Çinlə Avropa qitəsi arasında strateji tranzit imkanları baxımından, indi daha böyük əhəmiyyət daşıyır. ABŞ və Avropa Birliyi isə həm Rusiyadan, həm də Çindən yan keçən alternativ enerji, eləcə də logistika marşrutları yaratmağa çalışır. Halbuki Rusiya və Çin isə bu regionu öz geopolitik təhlükəsizlik zonalarının əsas tərkib hissəsi hesab edir.
Bütün bunlar isə onu göstərir ki, Ukrayna savaşı artıq lokal hərbi münaqişə çərçivəsini çoxdan geridə qoyub. Hazırda dünya yeni “soyuq müharibə” modelinə yaxınlaşır. Qərb Rusiyanın qlobal təsir imkanlarını mümkün qədər zəiflətməyə çalışır. Kreml isə Çin, İran, Şimali Koreya və “Qlobal Cənub” ölkələri ilə yeni geopolitik blok formalaşdırmağa cəhd edir. Məhz bu səbəbdən də, qarşıdakı mərhələdə qlobal münasibətlər sistemində daha sərt bloklaşmaların, iqtisadi parçalanmaların və regional geopolitik qarşıdurmaların artacağı gözlənilir. Və Ukrayna savaşı isə hazırda bu böyük qlobal geopolitik transformasiyanın yalnız görünən ön cəbhəsi rolunu oynayır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
