Dövlət şirkətinə qarşı 20 milyonluq qərar tanındı – vəkil Ali Məhkəmədəki dəyişikliklərdən danışdı

Azərbaycanda xarici məhkəmə qərarlarının tanınması sahəsində son illər müəyyən müsbət dəyişikliklərin müşahidə olunduğu bildirilir. Hüquqşünasların fikrincə, bu sahədə hüquqi prosedurların daha şəffaf və institusional əsaslarla aparılması ölkənin beynəlxalq hüquqi münasibətlərinə də müsbət təsir göstərir.

Musavat.com xəbər verir ki, vəkil Fərid Nəbili bu barədə danışarkən bildirib ki, son iki ildə Azərbaycan Respublikasının Ali Məhkəməsində xarici məhkəmə qərarlarının tanınması ilə bağlı işlərə baxılması prosesində daha aydın və təkmilləşdirilmiş hüquqi mexanizmlər tətbiq olunur. Onun sözlərinə görə, məhkəmə iclaslarının keçirilməsi və prosedur qaydalarında müşahidə olunan dəyişikliklər xüsusilə diqqət çəkir. “Ali Məhkəmədə daha şəffaf və təkmilləşdirilmiş hüquqi prosedurlar və iclaslar keçirilir. Hətta dövlət müəssisələrinin iştirak etdiyi işlərdə belə neytrallığın və ədalətliliyin artması çox vacib bir irəliləyişdir”, – deyə vəkil bildirib.

Fərid Nəbili qeyd edib ki, praktiki təcrübədə bu dəyişikliklər konkret nəticələr də verir. Onun sözlərinə görə, təmsil etdiyi işlərdən birində dövlət şirkətinə qarşı 20 milyon manat məbləğində xarici məhkəmə qərarı Azərbaycan Ali Məhkəməsi tərəfindən tanınıb. Bununla yanaşı, vəkil mövcud sistemdə müəyyən hüquqi boşluqların da qaldığını vurğulayıb. Onun fikrincə, məhkəmə iclaslarının rəsmi dayandırılması mexanizminin tətbiq olunmaması bəzən proseslərin uzanmasına səbəb olur. Belə hallarda iclaslar formal dayandırma qərarı olmadan uzun müddət təxirə salına bilir. Fərid Nəbilinin sözlərinə görə, xarici qərarların tanınmasından sonra icra mərhələsində yarana biləcək dəyişikliklər də nəzərə alınmalıdır.

“Tanınmadan sonrakı icra prosesi zamanı müəyyən faktların dəyişməsi ehtimalına qarşı ləğvetmə sərəncamı imkanı potensial qoruyucu vasitə kimi nəzərə alınmalıdır”, – deyə o bildirib.

Vəkil hesab edir ki, gələcəkdə baş verə biləcək mümkün dəyişikliklərlə bağlı məhkəmələrin həddindən artıq ehtiyatlı mövqe tutması “tanınma” institutunun mahiyyətinə xələl gətirə bilər.

Onun fikrincə, xarici məhkəmə qərarlarının tanınması məsələsinə baxılarkən işin mahiyyəti və xaricdə baş verən əlaqəli hadisələr geniş şəkildə yenidən araşdırılmamalıdır. Bu isə beynəlxalq hüquqi praktikada qəbul olunmuş əsas prinsiplərdən biridir.  Ekspertlərin fikrincə, xarici məhkəmə qərarlarının tanınması və icrası mexanizmi beynəlxalq ticarət münasibətləri, investisiya mühitinin sabitliyi və hüquqi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sahədə hüquqi prosedurların daha şəffaf və sabit olması Azərbaycanın beynəlxalq hüquqi sistemlə inteqrasiyasına və investorların hüquqi təhlükəsizlik hissinin güclənməsinə də müsbət təsir göstərə bilər.

 

E.Məmmədəliyev,
Musavat.com

02.04.2026 17:05
919