DSX-nin tanınmış generalı vəfat etdi - FOTO

 
Azərbaycanın sərhəd mühafizəsi və təhlükəsizlik orqanlarında uzun illər məsul vəzifələrdə xidmət etmiş general-mayor İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib.
 
Musavat.com xəbər verir ki, İsgəndər Allahverdiyev 1947-ci il fevralın 11-də Bakıda anadan olub.
 
O, Azərbaycan dövlətçiliyinin bərpasının ilk illərində ölkənin sərhəd mühafizəsi sisteminin formalaşdırılmasında mühüm vəzifələr tutub.

1991-ci il dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsi yaradılarkən İsgəndər Allahverdiyev komitənin sədri təyin edilib. 1992-ci il oktyabrın 8-də ona general-mayor ali hərbi rütbəsi verilib.

Həmin il, noyabrın 9-da Dövlət Sərhədini Mühafizə Komitəsinin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tərkibinə verilməsindən sonra İsgəndər Allahverdiyev milli təhlükəsizlik nazirinin müavini – Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O, eyni zamanda Sərhəd Qoşunlarının komandanı olub.

İsgəndər Allahverdiyev 1994-cü il aprelin 7-də tutduğu vəzifələrdən azad edilib.

Sonrakı illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında rəis müavini vəzifəsində çalışıb. O, həmçinin Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü olub.

General-mayor İsgəndər Allahverdiyev xidmətlərinə görə bir sıra dövlət təltiflərinə layiq görülüb. O, 2002-ci il martın 27-də “Azərbaycan Bayrağı” ordeni, 2006-cı il martın 27-də isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. Bundan başqa, SSRİ və Azərbaycanın bir sıra yubiley medallarına layiq görülüb.

O, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri, 1992–1994-cü illərdə isə milli təhlükəsizlik nazirinin müavini və Sərhəd Qoşunlarının ilk komandanı vəzifələrində çalışıb.

Qeyd edək ki, onun rəhbər vəzifədə olduğu dövr Azərbaycan dövlətçiliyinin yenidən formalaşdığı, o cümlədən ölkənin sərhəd və təhlükəsizlik strukturlarının institusional əsaslarının yaradıldığı mürəkkəb tarixi mərhələyə təsadüf edib.

Şahanə Rəhimli
Musavat.com

DSX-nin tarixinə düşən general vəfat etdi - FOTO
18.09.2026 12:17
1952