Ebola virusunun Konqoda sürətlə yayılması fonunda ABŞ və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında yeni qarşıdurma yaranıb.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" saytında Sofi Qardner və Karmen Paun tərəfindən diqqətçəkən məqalə dərc olunub.
Yazıda Ebola təhlükəsinin yenidən COVID dövrünü xatırladan sərhəd məhdudiyyətləri və qlobal səhiyyə mübahisələrini gündəmə gətirdiyi vurğulanır.
Məqalədə qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Konqo Demokratik Respublikasında başlayan və son illərin ən ağır Ebola dalğalarından biri hesab edilən epidemiya səbəbilə sərt səyahət məhdudiyyətləri tətbiq edib. ABŞ hökuməti virusun yayıldığı ölkələrdən gələn bir çox əcnəbinin ölkəyə girişini qadağan edib. Dövlət katibi Marko Rubio açıq şəkildə “Ebolanın ABŞ-yə daxil olmasına imkan verməyəcəyik” mesajını verib.
Lakin ÜST bu yanaşmanı kəskin tənqid edir. Təşkilat hesab edir ki, belə məhdudiyyətlər çox zaman qorxu atmosferindən doğur və elmi əsaslara söykənmir. ÜST-nin mövqeyinə görə, sərhədlərin bağlanması və ya sərt səyahət qadağaları xəstəliyin qarşısını tam almır, əksinə, yerli iqtisadiyyatlara zərbə vurur və beynəlxalq tibbi cavab tədbirlərini çətinləşdirir.
"Politico" materialında diqqət çəkən məqamlardan biri də ABŞ-nin COVID dövründəki xətti yenidən tətbiq etməsidir. Tramp hələ pandemiyanın əvvəlində Çindən gələnlərə sərhədi bağlayarkən ÜST-nin tövsiyələrini nəzərə almamışdı. İndi isə eyni yanaşma Ebola böhranında təkrarlanır. ABŞ tək deyil - Kanada, Meksika, Baham adaları, İordaniya, Bəhreyn, Ruanda və Uqanda da müəyyən məhdudiyyətlər tətbiq edib. Məsələn, Kanada Konqo və qonşu ölkələrdən gələnlər üçün 21 günlük karantin rejimi tətbiq edib.
Ekspertlər arasında isə fikir ayrılığı qalır. Bəzi epidemioloqlar hesab edir ki, sərt səyahət məhdudiyyətləri yalnız qısamüddətli effekt verir və əsasən siyasi xarakter daşıyır. Onların fikrincə, siyasətçilər bir yoluxma hadisəsinə görə günahlandırılmaq istəmədikləri üçün sərt addımlar atmağa üstünlük verirlər. Digər tərəfdən, bəzi mütəxəssislər COVID dövründə Avstraliyanın sərhəd məhdudiyyətləri hesabına yoluxmanı minimuma endirməsini nümunə göstərirlər.
"Politico" yazısında xüsusi vurğulanır ki, Ebola ilə COVID arasında ciddi fərq var. COVID simptomsuz şəxslər vasitəsilə hava yoluyla yayıla bildiyi halda, Ebola əsasən simptom göstərən şəxslərin bədən mayeləri ilə təmas nəticəsində ötürülür və yoluxuculuq baxımından fərqli xüsusiyyətlərə malikdir. Buna baxmayaraq, Konqoda minə yaxın şübhəli yoluxma və yüzlərlə ölüm faktı qeydə alınıb, real statistikanın isə daha yüksək ola biləcəyi ehtimal edilir.
Məqalədə başqa bir diqqətçəkən məqam ABŞ-nin Ebola ilə təmasda olmuş öz vətəndaşlarına münasibətidir. Vaşinqton bu şəxsləri ABŞ-yə gətirmək əvəzinə Avropa və Keniyada yaradılan təcrid mərkəzlərinə yönləndirməyə çalışıb. Bu qərar həm həkimlər, həm də diplomatlar tərəfindən tənqid olunub. Keniyada belə bir mərkəzin yaradılması planı hətta məhkəmə qərarı ilə müvəqqəti dayandırılıb.
"Politico" müəlliflərinin diqqət çəkdiyi əsas sual isə budur: dövlətlər epidemiya zamanı sərhədləri bağlayaraq özlərini qorumağa çalışmalıdır, yoxsa beynəlxalq həmrəylik naminə sərhədləri açıq saxlamalıdır? Ebola böhranı göstərir ki, COVID dövründə yaranmış bu mübahisə hələ də bitməyib.
Musavat.com