Musavat.com xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan keçmiş sədri Ekrem İmamoğlu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa edib.
İmamoğlu sosial şəbəkədə yayılan açıqlamasında 17 illik CHP üzvlüyünə son qoyduğunu bildirib. O, qərarını Türkiyənin gələcəyi ilə bağlı inandığı dəyərlər və xalq qarşısında daşıdığı məsuliyyətlə əlaqələndirib.
İmamoğlu paylaşımında bu günə qədər birlikdə çalışdığı və mübarizə apardığı şəxslərə təşəkkür edib. O, Türkiyənin daha güclü, demokratik və ümidverici gələcəyini birlikdə qurmaq üçün “yeni yol” açdıqlarını bildirib və tərəfdarlarını bu prosesə qoşulmağa çağırıb.
İmamoğlunun CHP-dən istefasından sonra onun yeni siyasi partiyaya keçəcəyi ilə bağlı gözləntilər də gündəmə gəlib. Türkiyə mediasında daha əvvəl CHP daxilində mümkün parçalanma və yeni siyasi təşkilatlanma ilə bağlı müxtəlif iddialar səsləndirilmişdi.
Qeyd olunur ki, bəzi ekspertlər Özgür Özəl və İmamoğlu qanadının CHP-dən ayrılaraq yeni siyasi struktur yaratmağa hazırlaşdığını iddia etmişdilər. Həmin iddialara görə, İmamoğlunun həbsdə olduğu müddətdə yeni partiyanın proqramı üzərində işlədiyi də bildirilmişdi.
İmamoğlunun istefasından sonra əsas diqqət onun bundan sonra hansı siyasi addımı atacağına və yeni partiyaya qoşulub-qoşulmayacağına yönəlib.
Musavat.com