Ermənistana adı “Putin yolu” olacaq dəmiryolu təklifi - TƏFƏRRÜAT

ABŞ rəsmilərinin İrəvanda “Tramp yolu” haqada müzakirələr apardığı bir vaxtda Ermənistana “Putin yolu” adla biləcək dəmiryolu təklifi edilib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, təklif “Rusiya və dünya: dialoqlar – 2026” adlı X Beynəlxalq konfrans çərçivəsində səslənib.

Belə ki, Rusiya Milli Tədqiqat Kommunikasiyaların İnkişafı İnstitutunun direktoru, iqtisad elmləri doktoru Vladislav Qasumyanov “Rusiya və dünya: dialoqlar – 2026” adlı X Beynəlxalq konfrans çərçivəsində Ermənistan ilə Rusiya arasında Abxaziya üzərindən birbaşa dəmir yolu əlaqəsinin bərpası imkanlarını şərh edib. Qasumyanov çıxışında bildirib ki, siyasi iradə olduğu təqdirdə bu cür layihələri reallaşdırmaq mümkündür. O, “Tramp yolu” kimi təqdim olunan yanaşma ilə paralel olaraq “Putin yolu”nun da mümkün ola biləcəyini vurğulayıb. Picture background

O əlavə edib ki, tranzit yollar xalqları bir-birinə yaxınlaşdırır, qarşılıqlı əlaqələri gücləndirir və dialoqa təkan verir.

Maraqlıdır ki, bundan əvvəl konfransındakı çıxışında Abxaziyanın qondarma “xarici işlər naziri” Oleq Bartsits də “Putin yolu”nun mümkünlüyünü gündəmə gətirib. O qeyd edib ki, dəmir yolunun bərpasında əsas çətinlik Gürcüstan mövqeyi ilə bağlıdır. Onun sözlərinə görə, Gürcüstan regionda formalaşmış status-kvonu qəbul etmək istəmir.

Əlbəttə, bu açıqlama ilk baxışdan iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin genişləndirilməsi kimi təqdim olunsa da, əslində məsələ daha çox siyasi və geosiyasi xarakter daşıyır. Birincisi, Abxaziya üzərindən dəmir yolunun açılması Gürcüstan üçün suverenlik və ərazi bütövlüyü məsələsidir. Tbilisi bu marşrutu qəbul etməklə faktiki olaraq Abxaziyanın mövcud statusunu legitimləşdirmiş kimi görünə bilər. Bu isə Gürcüstan üçün qəbuledilməzdir.
İkincisi, Rusiya bu layihə vasitəsilə regionda təsir imkanlarını artırmağa və alternativ nəqliyyat marşrutları üzərində nəzarəti gücləndirməyə çalışır. Bu, xüsusilə Qərb və regional layihələr fonunda Moskvanın strateji maraqlarına uyğundur.

Üçüncüsü, Ermənistan üçün belə bir dəhliz blokada şəraitində alternativ çıxış yolu kimi mühüm əhəmiyyət daşıyır. Lakin bu marşrutun reallaşması regiondakı digər layihələrə, xüsusilə Azərbaycan üçün önəmli olan Zəngəzur dəhlizi müzakirələrinə də təsir göstərə bilər.

Qeyd edək ki, Rusiya son vaxtlar “Tramp yolu” layihəsinə qarşı mövqe sərgiləyir. Məsələn, Rusiya XİN-in MDB Ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin bugünlərdə bildirib ki, ABŞ-İran münaqişəsi fonunda " Tramp yolu” layihəsinin işə salınması perspektivləri qaranlıqdır. "Onlar qeyd edirlər ki, İranın ABŞ-ın şimal sərhədində mövcudluğuna mənfi münasibətindən əlavə, “Tramp Yolu”nun da bir hissəsi olması nəzərdə tutulan Orta Asiyadan Avropaya gedən yol üzərində Amerikanın nəzarəti Asiya tərəfdaşları arasında inamsızlıq yarada bilər. Çin və Rusiya yükləri olmadan layihəyə qoyulan investisiyanı geri qaytarmaq olduqca çətin olacaq”, – deyə Kaluqin qeyd edib.

Onun sözlərinə görə, nəzərə alınmalı bir neçə obyektiv amil də var: “Ermənistan-İran sərhədində Rusiya sərhədçilərinin olması, Azərbaycan sərhədi ilə maneəsiz əlaqə üçün Rusiya standartlarına uyğun dəmir yolu xəttinin çəkilməsi zərurəti, 2038-ci ilə qədər qüvvədə olan “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin Ermənistan dəmir yolu şəbəkəsini idarə etmək üçün güzəştə getməsi və Ermənistanın Avrasiya İqtisadi Birliyinin vahid gömrük məkanına daxil edilməsi”.

Kaluqin vurğulayıb ki, ümumən Azərbaycanı onun Naxçıvan bölgəsi arasında Cənubi Ermənistandan keçən tranzit marşrutu yoxdan yaranmayıb: “Onun yaranmasından əvvəl Rusiya-Azərbaycan-Ermənistan formatı çərçivəsində iki illik gərgin iş, yəni baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupu yaranıb. 2023-cü ilə qədər yalnız Cənubi Ermənistandan Naxçıvana tranziti təmin etmək üçün deyil, həm də mahiyyət etibarilə Ermənistan və Azərbaycan dəmir yollarını birləşdirmək üçün nəzərdə tutulmuş Meğri marşrutunu işə salmağa yaxın idik. Ermənistan hazırda “Tramp yolu”na güvənərək məhz buna nail olmağa çalışır. Amma problem ondadır ki, Ermənistan-Amerika təşəbbüsü, “Meğri marşrutu”ndan fərqli olaraq, avtomatik olaraq Ermənistan və Azərbaycan dəmir yolu infrastrukturunun tam birləşdirilməsini təmin etmir. İrəvanın 2023-cü ildə üçtərəfli işçi qrupunun işini qəsdən dondurması günahımız deyil”.

Musavat.com

22.05.2026 17:52
1497