Ermənistandan Rusiyanı hiddətləndirən qərar - NATO üzvü ilə...

Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) faktiki olaraq uzaqlaşdığı bir vaxtda NATO ölkəsi ilə hərbi-texniki əməkdaşlığı rəsmiləşdirir.

Musavat.com Rusiya mediasımna istinadla xəbər verir kli, Ermənistan hökuməti sentyabrın 11-də Polşa ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişin ratifikasiyası ilə bağlı qanun layihəsini təsdiqləyib.

Qeyd edək ki, sözügedən saziş əslində yeni sənəd deyil. Ermənistan və Polşa arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə fevralın 26-da Varşavada Ermənistanın baş naziri Nikol Paşinyan və Polşanın baş naziri Donald Tuskun iştirakı ilə imzalanıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış imzalayıblar. İndi isə İrəvan həmin sənədin ratifikasiyası prosesinə başlayır. Ermənistan hökuməti bildirir ki, sazişin məqsədi iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirməkdir.

Picture background

Maraqlıdır ki, sənədin imzalanmasından sonra Polşa ilə Ermənistan arasında hərbi əlaqələrin genişləndirilməsi prosesi dayanmayıb. May ayında Ermənistan müdafiə naziri Suren Papikyanın Varşavaya səfəri zamanı birgə hərbi təlimlər, hərbi ali məktəblər arasında əməkdaşlıq, müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və Varşavada Ermənistanın hərbi attaşe ofisinin yaradılması məsələləri müzakirə olunub. Burada əsas məqam isə Polşanın kimliyi və NATO-dakı mövqeyidir. Polşa NATO-nun şərq cinahının əsas hərbi dayaqlarından biridir və hazırda Rusiya ilə hərbi-siyasi qarşıdurmanın ön xəttində dayanan Avropa dövlətlərindən hesab olunur.

Bu sazişi Ermənistanın “Rusiyasız Qafqaz” kursuna keçidinin göstəricilərindən biri kimi qiymətləndirib. Yazıda qeyd olunurdu ki, İrəvanın Polşa ilə hərbi-texniki əməkdaşlığı Ermənistanın NATO standartlarına yaxınlaşmaq cəhdidir və sənədin Varşavada iki ölkənin baş nazirlərinin iştirakı ilə imzalanması sırf texniki razılaşmadan daha çox siyasi mesaj xarakteri daşıyır. Bu proses Moskvanın narazılığını da artırır. Rusiya XİN sözçüsü Mariya Zaxarova Ermənistanın KTMT-də üzvlüyünü dondurduğunu xatırladaraq NATO ölkələri ilə birgə hərbi fəaliyyətin genişlənməsini “mürəkkəb məntiq” adlandırıb. Zaxarovanın sözlərinə görə, Ermənistan ərazisində NATO təlimlərinin sistemli xarakter alması Rusiyadan uzaqlaşma prosesinin göstəricisidir. İrəvan bir tərəfdən KTMT-yə qayıdış məsələsini faktiki olaraq gündəmdə saxlamır, digər tərəfdən isə NATO ölkələri ilə hərbi əlaqələrini mərhələli şəkildə dərinləşdirir. Polşa ilə imzalanmış sazişin ratifikasiyası da bu kursun növbəti hüquqi addımıdır. Bu mənzərə Ermənistanın təhlükəsizlik siyasətində istiqamət dəyişikliyinin artıq təkcə siyasi bəyanatlarla məhdudlaşmadığını göstərir. Hərbi təlimlər, müdafiə sənayesi əməkdaşlığı, hərbi təhsil və attaşe institutu ilə yanaşı, indi hərbi-texniki əməkdaşlıq haqqında saziş də hüquqi müstəvidə möhkəmləndirilir.

Picture background

Moskvanın narazılığı fonunda İrəvanın verdiyi mesaj isə kifayət qədər aydındır: Ermənistan təhlükəsizlik tərəfdaşlarını şaxələndirmək adı altında Rusiyanın dominant olduğu hərbi sistemdən uzaqlaşır və Avropanın, xüsusilə NATO ölkələrinin müdafiə strukturları ilə əlaqələrini genişləndirir.

Musavat.com 

11.09.2026 13:45
1493