Ermənistanın silah ixrac etmək gücü varmı? – Polkovnik açıqladı

Ermənistan tarixində ilk dəfə olaraq öz layihələndirilməsi və istehsalı olan silahlar ixrac edib.

Bu barədə ölkənin yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Nazirin sözlərinə görə, sözügedən məhsullar bu ay ərzində iki fərqli ölkəyə ixrac olunub və müqavilələrin ümumi dəyəri bir neçə milyon dollar təşkil edir. Bununla belə, nazir göndərilən silahların çeşidini və onların hansı dövlətlərə ixrac edildiyini açıqlamayıb.

Ermənistan rəsmisi onu da əlavə edib ki, bu müqaviləni “logistik xarakterli çoxsaylı problem və maneələri dəf edərək” reallaşdırmaq mümkün olub.

Ermənistan müdafiə sənayesi hansı məhsulları ixrac edib və ya edə bilərdi? Ermənistan kimi zəif dövlətin müdafiə sənayesinin silah ixrac etmək potensialı varmı?

rovsen.jpg (38 KB)

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Mxitar Ayrapetyan tərəfindən səsləndirilən bu açıqlama təsadüfi deyil:

“Son illərdə Ermənistan müdafiə sənayesini yalnız daxili ehtiyac üçün deyil, həm də ixrac yönümlü sahəyə çevirmək istiqamətində addımlar atır. Bununla belə, söhbət hələlik böyük və texnoloji baxımdan qabaqcıl silah sənayesindən yox, daha çox məhdud məhsullar istehsal edən kiçik hərbi-sənaye seqmentindən gedir. Erməni nazir ixrac etdikləri məhsulların adını çəkməyib. Bu da onu göstərir ki, qüruru duyulacaq səviyyədə olan məhsullar deyil. Ermənistanın hansı məhsulları ixrac etmiş ola biləcəyi barədə hazırda ehtimal irəli sürmək olar. Müşahidə-kəşfiyyat məqsədli pilotsuz uçuş aparatları və onların komponentləri, radioelektron mübarizə sistemləri, rabitə və idarəetmə avadanlıqları, optik müşahidə cihazları, müxtəlif təyinatlı sursatlar, modernizasiya edilmiş sovet tipli texnikalar üçün elektron bloklar. Çünki Ermənistanın mövcud sənaye bazası ağır silah sistemlərindən daha çox elektronika, proqram təminatı və dron texnologiyalarına uyğunlaşır. Xüsusilə 2020-ci ildən sonra İrəvan müharibədə dronların rolunu gördükdən sonra bu istiqamətə investisiya yönəltməyə başladı. Ermənistanın müdafiə sənayesi müəyyən qədər sovet dövründən qalan elmi-texniki bazaya söykənir. Ölkədə mühəndislik məktəbi, mikroelektronika üzrə müəyyən kadr potensialı mövcuddur. Buna görə də Ermənistan tamamilə silah istehsal edə bilməyən ölkə deyil. Amma burada əsas məsələ istehsalın miqyası və keyfiyyətidir”.

Ekspertin sözlərinə görə, reallıq budur ki, Ermənistanın hərbi sənayesi genişmiqyaslı istehsal gücünə malik deyil:

“Ermənistan ixrac bazarında ciddi oyunçu hesab olunmur. Strateji silah sistemləri istehsal etmir, xarici komponentlərdən ciddi asılıdır, logistika və tranzit baxımından ciddi məhdudiyyətlərlə üzləşir. Nazirin “logistik maneələr” ifadəsi də bunu göstərir. Ermənistanın dənizə çıxışı yoxdur, regional kommunikasiyaları məhduddur və xüsusilə Türkiyə-Azərbaycan xətti bağlı olduğu üçün ixrac marşrutları əsasən Gürcüstan və ya İran üzərindən formalaşır. Ermənistanın yaxın perspektivdə böyük silah ixracatçısına çevrilməsi real deyil”.

Rövşən Məhərrəmov hesab edir ki, erməni nazirin “silah ixrac etdik” açıqlaması seçkiöncəsi siyasi məqsədlər üçün verilmiş açıqlamadır:

“Seçkiyə az qalmış daxili auditoriyaya “müdafiə sənayemiz inkişaf edir” mesajı verilir”.

Etibar Seyidağa,
Musavat.com

19.05.2026 12:18
597