Həmin gəmidə olan həkim danışdı - Hadisə belə baş verib...

Atlantik okeanında səfərdə olan “MV Hondius” gəmisində yayılan hantavirusla bağlı yeni detallar məlum olub.

Musavat.com xəbər verir ki, gəmidə virus yayıldıqdan sonra xəstələrə yardım edən həkim Stiven Kornfeld xəstəliyin necə başladığını açıqlayıb. Hadisə nəticəsində indiyədək 3 nəfərin həyatını itirdiyi bildirilir.

Həkimin sözlərinə görə, ilk simptomlar əvvəlcə adi qripə bənzəyib. Yoluxan şəxslərdə halsızlıq, yüksək hərarət və yorğunluq müşahidə olunub. Lakin qısa müddət sonra vəziyyət ağırlaşıb və bəzi xəstələrdə ciddi tənəffüs çatışmazlığı yaranıb.

Dr. Kornfeld bildirib ki, gəminin əsas həkimi də virusa yoluxduqdan sonra tibbi məsuliyyəti o üzərinə götürməli olub. Onun sözlərinə görə, hantavirusun ən təhlükəli tərəfi xəstələrin bir neçə saat ərzində ağır vəziyyətə düşməsidir.

Hazırda gəmidə olan sərnişinlər üçün beynəlxalq səviyyədə təmas izlənməsi aparılır. Məlumata görə, sərnişinlər arasında 2 türk vətəndaşı da var. Ümumdünya Səhiyyə Təşkilatı isə hadisə ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıb.

Musavat.com

08.05.2026 10:55
1192