Azərbaycanda dövlət büdcəsinin 7 aylıq icra vəziyyətinə dair qısa məlumat açıqlanıb. Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-iyul ayları ərzində dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat təşkil edib ki, bu da proqnozu 855,9 milyon manat və ya 3.8 faiz üstələyib.
Musavat.com-un nazirliyin məlumatına istinadən apardığı hesablamaya görə, yalnız iyul ayında dövlət büdcəsinə 4 milyad 415.5 milyon manat gəlir təmin edilib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 11 milyard 474,1 milyon manat təşkil edərək proqnozdan 848,1 milyon manat və ya 8.0 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 32,9 milyon manat təşkil edərək proqnozdan 5,8 milyon manat və ya 21.5 faiz, sair daxilolmalar 427,8 milyon manat təşkil edərək proqnozdan 150,6 milyon manat və ya 54.4 faiz çox olub.

Dövlət Neft Fondu büdcəyə proqnozda nəzərdə tutulan qədər - 7 milyard 490 milyon manat transfert edib. Eyni zamanda Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 milyard 751,8 milyon manat təşkil edərək proqnoza qarşı 99.9 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 418,1 milyon manat təşkil edərək proqnoza qarşı 74.1 faiz icra olunub.
Yanvar-iyul ayları ərzində dövlət büdcəsinin xərcləri 20 milyard 174,4 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 229,8 milyon manat və ya 1.2 faiz çoxdur. Nazirliyin məlumatına görə, 2026-cı ilin yanvar-iyul ayları ərzində icmal büdcənin gəlirləri 28 milyard 841,8 milyon manat, xərcləri isə 23 milyard 742,4 milyon manat məbləğində icra edilib.
Qeyd edək ki, iyul ayında büdcə daxilolmalarındakı kəskin artımın əsas səbəblərindən biri rüblük vergi ödənişlərinin icrası ilə bağlıdır. Belə ki, cari il ərzində Dövlət Vergi Xidmətinin büdcəyə təmin etdiyi vəsaitlərin həcmində iki dəfə kəskin artım qeydə alınıb: aprel və iyul aylarında. Adətən bu iki ayda iri şirkətlər, o cümlədən neft-qaz sektorunda çalışan şirkətlər büdcə ilə rüblük hesablaşma aparır və mənfəət vergisi ödənişlərini həyata keçirirlər.
Vergi Xidməti və Maliyyə Nazirliyin açıqladığı məlumatlardan aydın olur ki, birincinin büdcəyə təmin etdiyi vəsaitlər yanvar-fevralda 3 milyard 2 milyon manat, yanvar-martda 4 milyard 702 milyon manat(o cümlədən martda1,7 milyard manat), yanvar-apreldə 6 milyard 862,5 milyon manat(apreldə 2 milyard 160,5 milyon manat), yanvar-mayda 7 milyard 825,3 milyon manat(mayda 962,8 milyon manat), yanvar-iyunda 8 milyard 842,7 milyon manat(iyunda 1 milyard 17,4 milyon manat) yanvar-iyulda 11 milyard 474,1 milyon manat (iyulda 2 milyard 631,4 milyon manat) təşkil edib. İyulda vergi ödənişlərindəki daha ciddi artım isə ABŞ-İran münaqişəsi səbəbindən dünya bazarında neftin qiymətinin bahalaşması ilə bağlı ola bilər. Neft qiymətləri yüksək olduğuna görə hasilat və ixracdakı azalmaya rəğmən, bu sektorda çalışan şirkətlərin mənfəətləri və ondan ödədikləri verginin həcmi artır. Münaqişənin faktiki dondurulmuş hala gəlməsi fonunda neft qiymətlərinin yüksək qalması 3-cü rübdə də neft şirkətlərinin büdcəyə ödənişlərinin yüksək olmasına gətirib çıxaracaq.

Bundan əlavə, yüksək neft qiymətləri Azərbaycanın uzunmüddətli müqavilələr əsasında satdığı qazın qiymətində də artıma səbəb olmaqla, “Şahdəniz” yatağında çalışan şirkətlərin büdcəyə ödənişlərini çoxaldacaq.
Neft qiymətlərindəki bahalaşma Azərbaycanda ÜDM-in artım tempini sürətləndirib. Belə ki, yanvar-iyundakı 0,8 faizlik artım yanvar-iyulda 1,4 faizə qədər sürətlənib. Bu zaman neft-qaz sektorunda altı ayda qeydə alınan 0,7 faizlik azalma yanvar-iyulda 0,6 faizə geriləyib.
Qeyri-neft-qaz sektorunda isə ÜDM istehsalı artımı 6 aydakı 1,4 faizdən yanvar-iyulda 2,2 faizə çatıb. Yeddi ayda ən çox ÜDM artımı informasiya və rabitə sahələrində real ifadədə 10,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,1 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,5 faiz, digər xidmət sahələrində 1,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,8 faiz, sənayedə 0,5 faiz olub, tikintidə isə 9,4 faiz azalıb(yanvar-iyunda azalma 13 faiz olmuşdu).
Tikinti sektorunda azalma sürətinin zəifləməsi dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, tikinti sahəsinə ayrılan və yanvar-apreldə buraxılmayan vəsaitlərin may-iyun aylarında buraxılmasına başlanması ilə əlaqədardır.
Maraqlıdır ki, Vergi Xidmətinin büdcəyə ödənişlərinin kəskin artması ilə yanaşı, Azərbaycanda vergi borclarının məbləği yüksək həddə çatıb. Belə ki, Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, bu il iyulun 1-nə Azərbaycanda vergi borcları 4 milyard 50,4 milyon manat təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 741,6 milyon manat, yaxud 22,4 faiz, illik ifadədə isə 15Z,9 faiz çoxdur.
Borclardakı bu artım birinci yarımil ərzində ölkədə müşahidə olunan faktiki iqtisadi durğunluqla izah oluna bilər. Daha dəqiq fikri, əlbəttə, borcların vergi növləri, sektorlar və şirkətlərin ölçüsü üzrə bölgüsü açıqlandıqda söyləmək mümkündür. Lakin indi də bir məsələ aydındır ki, sahibkarların vergi ödənişlərini icra etmək üçün yetərli vəsaitləri olmayıb.
Yuxarıda da qeyd etdik ki, Yaxın Şərqdən dünya bazarına neft-qaz ixracına ciddi problem yaradan ABŞ-İran münaqişəsinin davam etməsi, dünyada neft ehtiyatlarının kəskin azalması və digər amillər ən azı cari ilin sonunadək neft-qaz qiymətlərinin yüksək olaraq qalmasını təmin edəcək. Bu isə Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin icrasının problemsiz təmin edilməsinə imkan verəcək.
Dünya,
Musavat.com