İran "vurduq" dedi, ABŞ yalanladı - Buşehrdə nə BAŞ VERİR?

Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə bilinən "Nour News" agentliyi Buşehr əyalətində güclü partlayış baş verdiyini xəbər verib.

Musavat.com xəbər verir ki, agentliyin məlumatında partlayışın "böyük ehtimalla hava hücumundan müdafiə (HHM) sistemlərinin düşmənə məxsus uçuş aparatı ilə qarşıdurması nəticəsində" yarandığı bildirilib.

Daha sonra İran dövlət televiziyası ölkənin cənubundakı Buşehr bölgəsində HHM sistemlərinin ABŞ-yə məxsus uçuş aparatını "vurduğunu" bəyan edib.

ABŞ ordusu isə İran mediasında yayılan bu xəbərləri qəti şəkildə təkzib edib. "İran tərəfindən ABŞ-yə məxsus heç bir uçuş aparatı vurulmayıb. Bu iddialar tamamilə yalandır", – deyə ABŞ ordusunun rəsmi bəyanatında vurğulanıb.

Qeyd edək ki, ABŞ İran şəhərlərinə yenidən dronlarla hücum edib. Buna cavab olaraq İran Fars körfəzi istiqamətində hədəflərə raketlər buraxıb, Hörmüz boğazı yaxınlığında gəmilərə xəbərdarlıq atəşi açıb. 

İranın Buşehr əyalətinin Cəm şəhərində hava hücumundan müdafiə sistemləri işə düşüb və kiçik dronlara atəş açılıb. 

Buna cavab olaraq İranın bəzi hədəflərə raket zərbələri endirdiyi bildirilir. 

Məlumata görə, Bəndər-Abbas və Hörmüz boğazı yaxınlığında atəş səsləri eşidilib.

Musavat.com

29.05.2026 09:26
602