İranın xarici işlər naziri Abbas Əraqçı “Təcavüzkarlıq Altında Beynəlxalq Hüquq: Hücum və Müdafiə” adlı beynəlxalq konfransda çıxış edərək bildirib ki, 13 iyunda İsrail tərəfindən ABŞ-ın “birbaşa göstərişi və koordinasiyası ilə” həyata keçirilən hücum Tehranla Vaşinqton arasında aparılan dialoqu faktiki şəkildə dayandırıb.
Musavat.com xəbər verir ki, Əraqçının sözlərinə görə, iki ölkə arasında beş mərhələlik danışıqlar başa çatmışdı və növbəti raund keçirilməli idi. Lakin hərbi əməliyyatların başlaması diplomatik prosesin “müharibənin ilk və ən sürətli itkisindən biri” olmasına səbəb olub.
Nazir çıxışında dünyada siyasi qütbləşmənin daha da gücləndiyini, dövlətlərarası əməkdaşlıq imkanlarının daraldığını və diplomatiyanın əvvəlki təsir gücünü itirdiyini qeyd edib.
O həmçinin qeyd edib ki, ABŞ-ın yaratdığı “qaydasız və təhlükəli şərait” ölkələri öz təhlükəsizliyini təmin etmək üçün daha güclü müdafiə imkanlarına yatırım etməyə məcbur edir.
Musavat.com