İran və ABŞ arasında yaxın vaxtlarda yekun razılaşmanın əldə olunacağını söyləmək hələlik çox erkəndir.
Musavat.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bəyanat verib. Sözçü müzakirə edilən mövzuların böyük bir hissəsi üzrə müəyyən ortaq məxrəcə gəldiklərini təsdiqləsə də, bunun tezliklə saziş imzalanacağı mənasına gəlmədiyini bildirib.
Baqainin sözlərinə görə, hazırda heç kəs sənədin mütləq imzalanacağı ilə bağlı qəti bəyanat verə bilməz.
İran rəsmisi vurğulayıb ki, ABŞ-da qərar qəbulu prosesi ciddi institusional tərəddüdlərdən əziyyət çəkir.
O, Vaşinqtonun mövqeyinin davamlı olaraq dəyişdiyini, cəmi bir neçə saat ərzində bir-birinə tamamilə zidd və ziddiyyətli nöqteyi-nəzərlərlə qarşılaşdıqlarını qeyd edib.
Diplomat ABŞ-ın bu qeyri-sabit mövqeyinin istənilən danışıqlar prosesinin gedişatını pozduğunu xüsusi qeyd edib.
Musavat.com