İraqın xarici işlər naziri Fuad Hüseyn Kürdüstan bölgəsinin muxtar hökumətinin başçısı Məsrur Bərzaninin ofisinə edilən hücumla bağlı İrandan rəsmi açıqlama istəyib.
Musavat.com xəbər verir ki, məlumat İraq Xarici İşlər Nazirliyinin Hüseyn ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığından sonra verdiyi açıqlamada yer alıb.
Açıqlamada qeyd olunur ki, Hüseyn "iranlı həmkarı ilə İraq Kürdüstanının Baş nazirinin ofisinə edilən hücumu müzakirə edib".
İraq nazirinin sözlərinə görə, bu, "regionda gərginliyi artıra və sabitliyi təhdid edə biləcək təhlükəli bir presedentdir". İraq Xarici İşlər Nazirliyinin vurğuladığı kimi, Hüseyn "İranın bu hücumla bağlı rəsmi mövqeyinin aydınlaşdırılmasını" istəyib.
Əraqçi qeyd edib ki, rəsmi Tehran "hücumun İran ərazisindən həyata keçirildiyini göstərən heç bir məlumata malik deyil". İraq Xarici İşlər Nazirliyinin sənədinə görə, o, "İran hökumətinin bu hadisə ilə bağlı mövqeyini aydınlaşdıran rəsmi açıqlama verəcəyinə" söz verib.
Bərzani daha əvvəl ofisinə İran pilotsuz təyyarəsi tərəfindən hücum edildiyini açıqlayıb. İraq Kürdüstanının Baş nazirinin sözlərinə görə, onun şəxsi ofisi və "Təhlükəsizlik və Kəşfiyyat Agentliyi rəhbərinin iqamətgahı İran dronları tərəfindən hədəfə alınıb". O, hücumu "təhlükəli eskalasiya və İraq Kürdüstanının təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid" adlandırıb.
Musavat.com