İrəvana qəti şərt qoyuldu: Ermənistan ya Avropa İttifaqını, ya da Rusiyanı seçməlidir

Ermənistanın Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı arasında vurnuxması və gələcək niyyətləri ilə bağlı məsələ artıq tamamilə prinsipial müstəviyə keçib.

Musavat.com xəbər verir ki, bu barədə "Vesti" nəşrinə müsahibəsində MDB-nin baş katibi Sergey Lebedev olduqca ciddi bəyanatla çıxış edib.

Baş katib Rusiya və müttəfiqlərinin bu mövzunu yaxın gələcəkdə "xoşniyyətli", lakin eyni zamanda çox sərt şəkildə müzakirə edəcəyini vurğulayıb.

Lebedev İrəvan qarşısında faktiki olaraq rəsmi şərt qoyulduğunu işarə edərək, "Məsələ çox prinsipial qoyulub: siz ya Avrasiya İqtisadi İttifaqını, ya da Avropa İttifaqını seçirsiniz? Aİ çox uzun bir hekayədir, bir çox ölkələr ora daxil olmaq istəyir və bu proses illərlə uzanır. Amma Aİİ bu gün qaçılması qeyri-mümkün olan real bir reallıqdır",- deyə bildirib.

Lebedevin qənaətinə görə, Ermənistan rəhbərliyi də rəsmi Moskvadan gələn bu təzyiqlər fonunda Avrasiya İqtisadi İttifaqının onlar üçün nə dərəcədə həyati əhəmiyyət kəsb etdiyini dərk etməyə başlayıb. MDB rəsmisi əlavə edib ki, artıq Ermənistanın baş naziri Nikol Paşinyan və digər yüksək rütbəli rəsmilər bu ittifaqla əlaqələri qırmağa hazırlaşmadıqlarını bəyan ediblər, buna görə də Rusiya ilə əməkdaşlıq hələlik davam edəcək, Avropa İttifaqı məsələsinə isə "sonra baxılacaq".

Musavat.com

29.05.2026 13:20
1110