İtaliyada rus oliqarxlara viza paylayan səfiri həbs etdilər
Avropada böyük viza qalmaqalı ortaya çıxıb.
Musavat.com xarici agentliklərə istinadla xəbər verir ki, İtaliyanın Özbəkistandakı keçmiş səfiri Pyerqabriele Papadia de Bottini di Sant'Anyeze saxlanılıb.
"La Repubblica" nəşrinin məlumatına görə, diplomat varlı Rusiya vətəndaşlarına pul qarşılığında qanunsuz Şengen vizaları verməkdə şübhəli bilinir.
İstintaqın versiyasına əsasən, səfir köməkçisi Tatyana Tarakanova ilə birlikdə uzunmüddətli turist vizalarını, hətta tələblərə cavab verməyən şəxslərə də rəsmiləşdirib.
Məlumata görə, o, hər viza üçün 4 min–16 min avro alıb. Halbuki rəsmi rüsum cəmi 45–60 avro olub.
İddialara əsasən, bu sxem vasitəsilə azı 95 Rusiya vətəndaşı İtaliyaya lazımi əsas olmadan daxil ola bilib.
Vizalar Moskvadakı əlaqəli turizm şirkətləri vasitəsilə rəsmiləşdirilib. Bəzi müraciətlərin isə birbaşa, o cümlədən Telegram üzərindən göndərildiyi bildirilir.
Araşdırma 2025-ci ilin iyulunda İtaliya Xarici İşlər Nazirliyinin yoxlamasından sonra başlayıb. Yoxlanılan 92 müraciətin 81-də müraciət edən şəxslərin səfirlikdə ümumiyyətlə görünmədiyi müəyyən olunub.
Bununla belə, sənədlərdə “ok” qeydi və səfirin imzası yer alıb.
Papadia Romada həbs edilərək istintaq təcridxanasına yerləşdirilib. O, hələ 2025-ci ilin dekabrında vəzifədən uzaqlaşdırılmışdı.
İstintaq zamanı məlum olub ki, köməkçisi Tarakanovanın Bolqarıstandakı hesabına sxemdə iştirak edən strukturlardan pul köçürülüb. Məsələn, agentliklərdən birindən onun hesabına “borc” adı altında təxminən 23,6 min avro göndərilib.
İtaliya mediasının məlumatına görə, diplomat dindirmə zamanı hərəkətlərinin motivləri ilə bağlı suallara tam inkar cavabı verməyib.
Musavat.com