Türkiyənin Cümhuriyyət Xalq Partiyasında gərginlik yeni mərhələyə keçib.
Musavat.com xəbər verir ki, CHP-nin yeni sədri Kamal Kılıçdaroğlunun bazar ertəsi partiyanın qərargahına gedərək mətbuat konfransı keçirəcəyi bildirilir.
Daha əvvəl Kılıçdaroğlunun bu axşam CHP qərargahına gələcəyi iddia olunsa da, onun mətbuat katibi Atakan Sönməz bu məlumatı təkzib edib.
Bu arada Özgür Özəl tərəfdarları ilə birlikdə güclü yağışa baxmayaraq, Türkiyə Böyük Millət Məclisinin binasına doğru yürüş edib. Özəl çıxışında CHP-nin “savaş meydanlarında qurulan çadırlarda” yarandığını deyərək, partiyanı hakimiyyətə gətirmək üçün binaya deyil, mübarizə iradəsinə ehtiyac olduğunu bildirib.
Özəl həmçinin artıq məğlub olmaq niyyətində olmadıqlarını, partiyanı 47 ildən sonra birinci siyasi qüvvəyə çevirdiklərini və Türkiyə siyasəti tarixinin ən genişmiqyaslı kampaniyasını küçələrdə və meydanlarda aparacaqlarını deyib.
Türkiyə mediasının məlumatına görə, CNN Türk müxbiri Murat Bəkməzçi Özələ sual verərkən fiziki təzyiqə məruz qalıb. Bildirilir ki, CHP millət vəkili Ali Mahir Başarır jurnalistə şillə vurub. Mühafizəçilər hadisəyə müdaxilə ediblər.
Məlumata əsasən, Kamal Kılıçdaroğlunun komandası polis müşayiəti ilə CHP qərargahına daxil olub və 12-ci mərtəbədəki kabinetdən Özgür Özəlin ad lövhəsini çıxarıb.
Musavat.com