Ermənistanda keçirilən beynəlxalq sammit fonunda hakimiyyətə xarici dəstək məsələsi Rusiyada ciddi müzakirə mövzusuna çevrilib.
Musavat.com xəbər verir ki, Kremlə yaxınlığı ilə tanınan “İzvestiya” qəzeti Paşinyan hakimiyyətini sərt şəkildə qınayan yazı dərc edib.
Qəzetin təhlilinə görə, Avropa İttifaqı İrəvanda keçirilən sammit vasitəsilə baş nazir Nikol Paşinyanın mövqeyini seçkilər ərəfəsində gücləndirməyə çalışır.
Məqalədə qeyd olunur ki, Ermənistanın Avropa ilə yaxınlaşması iqtisadi baxımdan da risklər yaradır.
Ekspertlər bildirir ki, ixracın Avrasiya İqtisadi İttifaqından Avropa bazarına yönləndirilməsi xüsusilə kənd təsərrüfatı və şərabçılıq sektoruna zərbə vura bilər. Rəqəmlər də bunu göstərir: 2025-ci ildə Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə ticarət dövriyyəsi 8 milyard dollardan çox (təxminən 38,5%), Avropa İttifaqı ilə isə 2,8 milyard dollar (təxminən 13%) təşkil edib.
“Rusiya prezidenti Vladimir Putin də daha əvvəl bildirmişdi ki, Ermənistanın həm Aİİ, həm də Avropa İttifaqı ilə paralel inteqrasiyası mümkün deyil. Bununla yanaşı, Avropa İttifaqı regionda öz təsirini artırmaq və strateji nəqliyyat marşrutlarına nəzarəti gücləndirmək niyyətindədir. Ekspertlərə görə, bu kurs həm də Türkiyənin regiondakı rolunun artmasına xidmət edir”, - deyə yazıda bildirilir.
Məqalədə vurğulanır ki, Ermənistanın Qərbə yönəlməsi hələlik real iqtisadi üstünlüklər vəd etmir və Avropa İttifaqı ölkəyə üzvlük perspektivi təqdim etmir. Nəticə olaraq qeyd olunur ki, İrəvandakı sammit həm daxili siyasi balansı, həm də regiondakı geosiyasi oyunları daha da kəskinləşdirə bilər.
Musavat.com